Çindəki satışları başlandıqdan səkkiz ay sonra, Toyota Hybrid System (THS) sistemi ilə təchiz edilən Mazda CX-50 ABŞ bazarında debüt edib. Bu dəfə Mazda şirkəti tam səmimiyyəti ilə hibridin mənşəyini açıqlayıb: Toyota bütün texniki hissəsni təmin edib, CX-50 layihəsinin mühəndisləri yalnız sazlamalarla məşğul olublar. Yeni modifikasiya 2,5-litrlik atmosfer mühərriki və 6-pilləli “avtomatı” olan baza Mazda CX-50 krossoverindən demək olar ki, 40% daha qənaətcildir.
Amerikada təklif olunan Mazda CX-50 xəttinin Toyota hibridi ilə genişləndirilməsi 2025-ci model ilinə planlaşdırılıb. Krossoverin kapotunun altında üç elektrik mühərriki və elektromexaniki variator tərəfindən dəstəklənən 2,5-litrlik Toyota mühərriki yerləşir. Hibrid sistemin hasilatı 222 at qüvvəsi və 221 Nm təşkil edir.
Mazda CX-50 Hybrid yalnız eAWD tam ötürmə sistemi ilə təchiz oluna bilər və batareyanın elektrik rozetkasından doldurulması nəzərdə tutulmayıb. Eyni zamanda, qənaətcillik diqqətəlayiqdir: qarışıq EPA rejimində benzin sərfiyyatı 100 kilometrə 6,2 litrdir. Hibrid həmçinin ümumi çəkisi 680 kiloqrama qədər olan qoşquları yedəkləmək qabiliyyətinə malikdir. Digər xüsusiyyətlərə salonun opsional qırmızı dəri ilə üzlənməsi, başqa təkər diskləri və ön bamper daxildir.
Mazda CX-50 hibridi Amerika dilerlərində noyabr ayında peyda olacaq. Qiymətlər 34.000 dollardan başlayır, yəni eyni güc aqreqatına malik olan orijinal Toyota RAV4 modelindən təxminən iki min dollar ucuzdur. Müqayisə üçün qeyd edək ki, Mazda CX-50 modelinin baza versiyasının qiyməti 30 min dollardan başlayır, turbomühərrikli top versiya isə, 43 min dollara başa gələcək.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.