Toyota şirkətinin baş direktoru Akio Toyoda Seulda Hyundai şirkətinin baş direktoru Çon Isun ilə görüşəcək. Cənubi Koreya şirkətinin bu yaxınlarda General Motors ilə avtomobillərin birgə yaradılması və istehsalına dair müqavilə imzalamasına baxmayaraq, koreyalılar potensial tərəfdaşlar axtarışını davam etdirirlər. “The Korea Economic Daily” qəzetinin yazdığına görə, iki konserninin direktorlar şurasının rəhbərləri arasında bir günlük görüş qlobal avtomobil istehsalına təsir göstərə bilər.

Toyota konserninin baş direktoru Akio Toyoda oktyabrın 24-də Seula gələcək. Ertəsi gün o, Hyundai konserninin sədri Çon Isun ilə görüşməlidir. Ekspertlərin fikrincə, görüşün əsas mövzusu hidrogen yanacaq elementləri ilə çalışan nəqliyyat vasitələrinin yaradılması və ixtisaslaşdırılmış ekosistem ola bilər.

Hər iki konsern yeni nəsil yanacaq elementləri texnologiyaları üzərində işləyir və hidrogendoldurma stansiyaları şəbəkəsini inkişaf etdirmək üçün tərəfdaşlar axtarır. Avtomobil satışına görə yapon konserninin dünyada birinci, Cənubi Koreya konserninin isə, üçüncü yerdə olduğunu nəzərə alsaq, Toyota və Hyundai arasında əməkdaşlıq genişmiqyaslı hadisəyə çevrilə bilər. Eyni zamanda, ekspertlər iki avtomobil nəhənginin əməkdaşlıq barədə prinsipial razılığa gələ biləcəklərindən əmin deyillər.

Eyni zamanda, bir neçə ildir ki, Toyota bu sahədə BMW ilə əməkdaşlıq edir, öz yanacaq elementlərindən istifadə edərək iX5 hidrogen krossoverlərini hazırlayır. 2028-ci ildə Bavariya markası yapon brendi ilə əməkdaşlıq sayəsində ilk seriya hidrogen modelini buraxmağı planlaşdırır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.