YouTube şəbəkəsindəki Toyota Times kanalında növbəti nəsil dördsilindrli mühərriklə təchiz edilmiş Lexus IS prototipinin görüntüləndiyi videoçarx yayılıb. Həcmi 1,5 və 2,0 litr olan bütöv bir benzin mühərrikləri ailəsi hazırlanıb: zaman keçdikcə onlar 2,5-litrlik atmosfer, 2,4-litrlik turbomühərriki və üçsilindrli mühərrikləri əvəz edəcəklər. Daha kiçik ölçülərə baxmayaraq, mühərriklərin məhsuldarlığında və yanacaq səmərəliliyində irəliləyişlərin olduğu bildirilib.

Toyota yeni ailənin ən azı üç üzvünü təsdiqləyib: baza variantı hesab edilən 1,5-litrlik atmosfer mühərriki, onun turbokompressorlu versiyası və 2,0-litrlik “turbodördlük”. Bütün mühərriklər elektrikləşdirmə perspektivi nəzərə alınmaqla yaradılıblar. Lexus IS prototipinin videosuna əsasən, mühəndislər yüksək dövrələri sevən “drayver” konfiqurasiyası da hazırlayırlar.

Toyota aydın şəkildə yeni mühərriklərin yığcam ölçülərinin onları təkər bazasının daxilinə doğru çəkməyə, ağırlıq mərkəzini və vibrasiyanı azaltmağa imkan verəcəyini bildirib. Yeni 1,5-litrlik atmosfer mühərriki hazırkı üçsilindrli aqreqatlardan 10% daha yığcam və 12% daha qənaətcil olacaq. 1,5-litrlik turbomühərrik 2,5-litrlik atmosfer mühərrikindən 20% daha yığcam olmalı, onun səmərəliliyi isə, 30% artmalıdır! Flaqman 2,0-litrlik turbomühərriki hazırkı 2,4-litrlik “turbodördlükdən” 10% daha yığcam və 30% daha qənaətcil olmalıdır.

Yeni Toyota və Lexus modellərində perspektivli daxili yanma mühərriklərinin quraşdırılma vaxtı dəqiqləşdirilməyib, lakin “Financial Times” nəşrinin mənbələri debütün 2026-cı ilin sonunda baş tutacağını bildiriblər. Yapon korporasiyası elektromobillərin həddən artıq şişirdildiyini hesab edir, ona görə də yeni benzin mühərriklərinə səraməyə qoyuluşu başa düşüləndir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.