Hazırkı Audi Q7 modeli artıq uzun müddətdir ki, istehsal olunmaqdadır. Xatırladaq ki, onun debütü on bir il əvvəl baş tutub. Bu müddət ərzində krossover iki böyük restaylinqdən keçib və sonuncu yenilənmə 2024-cü ilin yanvarında baş verib. Görünən odur ki, Audi şirkəti yeni Q7 modelini təqdim etməyə heç də tələsmirdi, çünki alman istehsalçısı elektromobilləşmə və hətta brendin gələcək istiqaməti ilə bağlı seçim qarşısında idi.

Nəticədə, Q7 üçün ən balanslaşdırılmış inkişaf variantı seçildi: üçüncü nəsil model V6 dizel mühərriki ilə debüt edib – qeyd etmək gərəkdir ki, dizel aqreqatı yumşaq hibrid sistemlə tamamlanıb.

Yeni Q7 modelinin xarici görünüşü Audi şirkətinin artıq kiçik krossoverlərində istifadə etdiyi müasir dizayn üslubunda hazırlanıb. Avtomobilin ön hissəsi micro-LED texnologiyalı ikimərtəbəli matrisa faraları və iri pətək formalı tərtibatı və opsional işıqlandırması olan radiator barmaqlığı ilə təchiz edilib.

Yan hissədə təbii tutuşlu qapı dəstəkləri saxlanılıb. Müştərilərə diametri 20-23 düym arasında dəyişən geniş çeşiddə təkər diskləri təklif olunur. İstehsalçının sözlərinə görə, arxa fənərlər OLED texnologiyası ilə hazırlanıb və istifadəçi qrafikalarını, eləcə də qəza nişanlarını əks etdirə bilir. 

Bundan əlavə, tarixdə ilk dəfə olaraq, yeni Q7 modelində dönmə siqnallarının asfalta proyeksiyası tətbiq edilib ki, bu da velosipedçi və piyadaların təhlükəsizliyini artırmalıdır.

Artıq baza komplektasiyasında krossover təmassız açılma funksiyası və elektrik ötürməsi olan baqaj qapağı ilə təchiz edilir. Əlavə ödəniş müqabilində bütün qapılar avtomatik ola bilərlər. Həmçinin onları smartfon vasitəsilə uzaqdan idarə etmək mümkündür. 

Minmə və düşmə zonasının işıqlandırılması da nəzərdə tutulub. Yeni Audi Q7 genişləndirilmiş elektron köməkçi sistemləri almış kruiz-kontrol və paralel, eləcə də perpendikulyar parklanmanı tam müstəqil şəkildə həyata keçirə bilən özünüöyrədən avtomatik parklama sistemi ilə təchiz olunub.

Hətta baza versiyasında belə, yeni Q7 krossoveri Audi MMI multimedia sisteminin üç OLED ekranı yerləşən ön panelə malikdir. Əlavə ödəniş müqabilində proyeksiya sistemi də təklif olunur. Üçüncü tərəflərin tətbiqləri üçün daxili mağaza mövcuddur və onlayn xidmətlərin siyahısının daim genişləndiriləcəyi vəd edilir. Bundan başqa, ChatGPT süni intellekti əsasında işləyən özünüöyrədən səsli köməkçi də quraşdırılıb. Əlavə ödəniş qarşılığında zavod videoregistratoru da təklif olunur.

Transmissiyanın selektorunun dəstəri sükan sütununa köçürülüb, boşalan yerdə isə, stəkanaltılar və hər biri 25 vatt gücündə Qi2.2 standartlı, maqnitli simsiz enerji doldurma meydançaları yerləşdirilib. USB-C portları 100 vatta qədər doldurma gücünə hesablanıb.

Havalandırma deflektorları elektrik ötürməsi ilə təchiz olunub və onlar multimedia sistemi vasitəsilə idarə edilirlər. Salonda qabaqcıl kontur işıqlandırması quraşdırılıb. Opsiyalar siyahısına LED işıqlandırmalı elektroxrom panoram dam və 22 dinamiki və həcmli səslənməyə malik olan 1360 vatt gücündə Bang & Olufsen audio sistemi daxildir. 

İnteryerin tərtibatı üçün müxtəlif materiallar və çoxsaylı rəng kombinasiyaları təklif olunur. Bundan əlavə, fərdiləşdirmə proqramı vasitəsilə interyeri müştərinin istəyinə uyğun olaraq tərtib etmək mümkündür.

Yeni Audi Q7 standart olaraq elektrik tənzimləməli iki  oturacaq cərgəsi və beş yerlik salonla təklif edilir. Yeddi sərnişin üçün nəzərdə tutulmuş üç oturacaq cərgəsi sxemi də saxlanılıb, lakin ikinci cərgədə iki fərdi kreslo ilə təchiz edilmiş altıyerlik versiya ilk dəfə təqdim olunur.

Beşyerlik versiyada baqaj bölməsinin standart həcmi 806 litr, maksimum həcmi isə, 2075 litrdir. Üçcərgəli versiyalarda bu göstərici 722 litrdən 1980 litrədək dəyişir. Əlavə ödəniş müqabilində alüminium istiqamətləndiricilər və yükü sabitləyən elementlərdən ibarət olan baqaj təşkilatçısı da təklif edilir.

İlk mərhələdə üçüncü nəsil Audi Q7 krossoveri yalnız 3,0-litrlik V6 turbodizeli  ilə təklif olunacaq. Mühərrik iki güc variantında təklif edilir: baza versiyası 245 at qüvvəsi və 500 Nm, gücləndirilmiş versiya isə, 299 at qüvvəsi və 630 Nm hasil edir. 

Hər iki versiya MHEV hibrid sisteminin 48 voltluq elektrik mühərriki (24 at qüvvəsi, 370 Nm) və litium-dəmir-fosfat batareyası ilə təchiz olunub. Şəbəkədən enerji yükləmək və yalnız elektrik dartması ilə hərəkət etmək imkanı nəzərdə tutulmayıb.

Turbokompressor da elektrik ötürməsi ilə təchiz edilib, 250 millisaniyə ərzində 90 min dövr/dəqiqəyə qədər sürətlənə bilir və 3,4 bar təzyiq yaradır. Mühərrik HVO markalı bioloji yanacaqla (hidrogenləşdirilmiş bitki yağı) işləyə bilir. Güc aqreqatı səkkizpilləli “avtomat” və quattro daimi tam ötürmə sistemi ilə birlikdə işləyir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Şimali Amerika bazarı üçün nəzərdə tutulan Audi Q7 modelləri dizel mühərrikindən məhrumdurlar. Amerikan bazarında Q7 modeli 2,9-litrlik V6 benzin turbomühərriki (435 at qüvvəsi), SQ7 versiyası üçün isə, 4,0-litrlik V8 mühərriki (600 at qüvvəsi) təklif olunur. Birinci halda avtomobil 0-dan 60 mil/saat (97 km/saat) həddinə 4,8 saniyəyə, ikinci halda isə, 3,7 saniyəyə sürətlənir.

Əvvəlki kimi, baza Audi Q7 modelləri yaylı asqı ilə təchiz olunur, lakin əlavə ödəniş müqabilində adaptiv pnevmatik asqını, o cümlədən onun klirensi azaldılmış idman versiyasını da sifariş etmək mümkündür.  Krossoverə minmə və düşməni asanlaşdırmaq üçün kuzovu 62 millimetr aşağı salan xüsusi rejim də mövcuddur. Opsiyalar siyahısında arxa dönən təkərlər sistemi də yer alır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Üçüncü nəsil Audi Q7 modelinin istehsalı artıq Slovakiyanın Bratislava şəhərindəki zavodda yerləşdirilib. Məhz həmin müəssisədə əvvəlki nəsillərin modelləri də istehsal edilirdi.

İlkin sifarişlərin qəbuluna artıq başlanılıb: baza turbodizeli ilə təchiz olunan versiyasının qiyməti 87,9 min avrodan, daha güclü modifikasiyanın qiyməti isə, 90,5 min avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.