Volkswagen of America bölməsi ailəvi Atlas krossoverinin ikinci nəslini təqdim edib. Yeni model, 2017-ci ildən bəri iki dəfə yenilənməyə məruz qalmış və qısaldılmış versiyanı (Cross Sport) alan nəzərəçarpacaq dərəcədə köhnəlmiş birinci nəsli əvəz edəcək.
Qeyd etmək lazımdır ki, Atlas adı altında ABŞ-da Teramont modelinin yerli versiyası satılır, baxmayaraq ki, bu böyük krossover əvvəlcə xüsusi olaraq Şimali Amerika bazarı üçün nəzərdə tutulmuşdu.
İkinci nəsildə Atlas modelinin konsepsiyası dəyişməz olaraq qalır: o, Volkswagen Teramont krossoverinin əkizidir. Restaylinq zamanı olduğu kimi, modelin Pro indeksli yenilənmiş Çin versiyası götürülüb.
Dizayn baxımından, brutal kuzov dəsti relyefli qanadları vurğulayan və kuzovla eyni rəngə boyanmış kandarlar və bamperlərlə əvəz olunub. Ön hissəni iki mərtəbəli faraları, radiator barmaqlığının çubuqlarını və loqotipi birləşdirən işıqlı "çələng" ilə bəzəyir, arxa hissədə isə, piksel qrafikası olan tündləşdirilmiş monofənər var. .
Maraqlıdır ki, amerikan versiyası klassik qapı tutacaqları ilə təchiz olunub, baxmayaq ki, Çində satılan Teramont Pro modeli isə, bu yaxınlarda Çində qadağan edilmiş irəli çıxan qapı tutacaqları ilə təchiz edilir.
Yeni Atlas modelinin dəqiq ölçüləri hələlik açıqlanmayıb, lakin rəsmi mətbuat açıqlamasında avtomobilin əvvəlki eni, hündürlüyü və təkər bazasını qoruyarkən sələfindən bir düym uzun olduğu bildirilir.
Məlumat üçün qeyd edək ki, birinci nəslin uzunluğu 5097, eni – 1990, hündürlüyü - 1787, təkər bazası isə, 2980 millimetrdir. Yeni model üç variantda təkər diskləri (18, 20 və 21 düym) və yeni Blackberry, Sacramento Green və Sandstone çalarları da daxil olmaqla genişləndirilmiş kuzovun rəng palitrası ilə təklif edilir.
Atlas modelinin interyeri demək olar ki, tamamilə Çin Teramont Pro krossoverindən götürülüb, lakin bəzi sadələşdirmələrə malkidr. Ön panel 10,25 düymlük Digital Cockpit Pro cihazlar panelini və məlumat-əyləncə sisteminin 15 düymlük sensorlu ekranı (baza versiyasında 12,9 düymlük ekran var) yerləşən trapesiya şəkilli geniş moduludan ibarətdir.
Çin versiyasından fərqli olaraq, amerikan krossoverində ön sərnişin üçün ayrıca ekran yoxdur. Onun yerini avtomobilin kontur işıqlandırmasının bir hissəsi olan LED naxışlı opsional dekorativ panel tutur. Bu panel giriş səviyyəli versiyalarda 10, yüksək səviyyəli versiyalarda isə, 30-a qədər rəngə malikdir.
Mərkəzi konsol tamamilə yenidən dizayn edilib: transmissiyanın ənənəvi selektoru sükan sütununa quraşdırılmış dəstək ilə əvəzlənib. Boşalmış yer universal Driver Experience Dial kontrolleri (hərəkət rejimlərinə, səsin hündürlüyünə və işıqlandırmanın tənzimləmələrinə cavabdehdir), fincan tutacaqları və simsiz şarj paneli tərəfindən tutulub.
Baza versiyasının üç cərgəli salonu ekoloji dəri ilə örtülüb və yeddi nəfərə hesablanıb, daha yüksək səviyyəli komplektasiyalarda isə, ikinci cərgədə ayrıca "kapitan kresloları" quraşdırılır, habelə Varenna və ya Nappa dərisi üzləmə təklif olunur.
Ən yüksək səviyyəli komplektasiyalarda həmçinin avtomatik tündləşən güzgü, elektrik ötürməli baqaj qapısı, masaj funksiyası olan və elektriklə 12 istiqamətdə tənzimlənən ön oturacaqlar, 14 dinamikli Harman Kardon audio sistemi, panoram dam və inteqrasiya olunmuş süni intellektli səs köməkçisi mövcuddur.
Təhlükəsizlik yeni səviyyəyə qaldırılıb: krossover artıq standart olaraq yeddi hava yastığı (mərkəzi hava yastığı da daxil olmaqla) və yenilənmiş IQ.DRIVE sistemi ilə təchiz edilir.
Travel Assist sistemi artıq zolaqları sərbəst şəkildə dəyişə bilər, sürücü idarəetməni itirərsə, təcili əyləcləmə funksiyası avtomobili avtomatik şəkildə yol kənarında park edəcək. Park Assist Plus ən yüksək səviyyəli komplektasiyaların imtiyazıdır, dairəvi park sensorları isə, standartdır.
Texniki cəhətdən yeni Atlas sələfindən çox da fərqlənmir. Yeni model təkmilləşdirilmiş köndələn mühərrikli MQB Evo arxitekturasına əsaslanır, 286 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2.0 TSI EA888 “turbodördlüyü” təchiz edilir.
Birinci nəsildən olan krossover həmçinin 3.6-litrlik VR6 mühərriki (280 at qüvvəsi, 361 Nm) ilə təchiz edilirdi, lakin 2023-cü ildə ondan imtina olunub. Yeganə mühərrik səkkiz pilləli “avtomat” və 4Motion tam ötürmə sistemlə birlikdə çalışır.
Krossoverin dinamik xüsusiyyətləri açıqlanmayıb, lakin onun əvvəlki 600-700 kiloqramlıq yükqaldırma qabiliyyətini qoruyaraq daha qənaətcil olduğu iddia edilir. Yeni model həmçinin 2268 kiloqrama qədər çəkisi olan qoşqunu da yedəyə ala bilir.
İkinci nəsil Volkswagen Atlas krossoverinin dünya təqdimatı bu ay işinə başlayan Nyu-York avtosalonunda keçirilib. Krossoverin istehsalı Çattanuqadakı zavodda yerləşdiriləcək, ABŞ bazarındakı satışlara isə, bu ilin payızında başlanmalıdır. Hibrid versiyanın daha sonra modifikasiya çeşidinə qoşulacağı gözlənilir, lakin onun debütü modelin həyat dövrünün ortasına planlaşdırılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









