Bu yaxınlarda Volkswagen şirkəti Avropa üçün nəzərdə tutulmuş büdcə elektromobilini - yığcam ID. Polo hetçbekini təqdim edib. Bu, ID xəttində, daxiliyanma mühərrikli modeldən götürülmüş tanış adı daşıyan ilk elektromobil olub. Hətta baza hetçbekinin təqdimatı zamanı, bu il 50 yaşı tamam olan məşhur GTI indeksini daşıyan populyar variantın buraxılacağı da bəyan edilmişdi.
İndi isə, Volkswagen şirkəti ID. Polo GTI hetçbekini nümayiş etdirib və bu 50 il ərzində GTI indeksini daşıyan ilk elektromobildir, çünki əvvəlki “qaynar” elektrokarlar GTX indeksinə malik idilər.
Polo GTI standart ID hetçbekdən ön bamperin pətək formalı barmaqlığı və yarış avtomobillərinin yedək gözlərini təqlid edən qırmızı vurğular ilə fərqlənir. Monofənərin altında üçölçülü GTI loqotipi olan xarakterik qırmızı zolaq yerləşir. Arxa hissədə tən ortadan bölünmüş spoyler, baqaj qapağında isə, GTI nişanı quraşdırılıb.
Yeni arxa bamperdə böyük diffuzor yerləşir. “Qaynar” hetçbek standart elektromobilindən 43 millimetr uzun (4096 millimetr) və 17 millimetr alçaqdır (1513 millimetr). Digər ölçülər də dəyişib: hetçbekin eni 1816 millimetr, təkər bazası isə, 2599 millimetr təşkil edir. Avtomobil 235/40 R19 ölçülü Bridgestone Potenza Sport şinləri taxılmış xüsusi 19-düymlük diskləri ilə təchiz edilib.
Hot-hetçin salonu sözün əsl mənasında qırmızı dekora bürünüb. Sükan çarxında qırmızı tikişlər və eyni rəngli 0 mövqeyi işarəsi peyda olublar. Rekuperasiyanın səviyyəsini tənzimləmək üçün sükanaltı dəstəklər var. Sükan topunun altında işıqlandırılan GTI loqotipi yerləşir. Oturacaqların orta hissəsində məşhur damalı naxışa malik olan əlavələr var.
Cihazlar panelinin 10,25-düymlük displeyi birinci nəsil Golf modelinin üslubunda retroqrafikanı əks etdirə bilər. Mediasisteminin 12,9-düymlük planşeti də belə imkana malikdir. Seçimlər siyahısına panoram dam və 10 dinamikli 425 vattlıq Harman Kardon audio sistemi daxildir.
APP290 elektrik mühərriki ön oxda quraşdırılıb və 226 at qüvvəsi və 290 Nm fırlanma anı hasil edir. 1540 kiloqram ağırlığında olan yığcam hetçbek 0-dan 100 km/saata 6,8 saniyəyə sürətlənir. Hot-hetçin maksimal sürəti 175 km/saatdır.
52 kilovat/saatlıq NMC batareyası 424 kilometrə qədər gediş məsafəsini təmin edir. Bu, oxşar batareyaya malik olan ID.Polo (211 at qüvvəsi) hetçbekinin müvafiq göstərəcəsindən 30 kilometr azdır.
Maksimum doldurma sürəti 105 kilovatdır, batareyanın 10%-dən 80%-ə qədər doldurması təxminən 24 dəqiqə çəkir. Yaradıcıların sözlərinə görə, DCC adaptiv amortizatorları olan asqı GTI ənənəsinə tam uyğun şəkildə tənzimlənib.
Volkswagen ID.Polo GTI modelinə Almaniyada əvvəlcədən sifarişlərin qəbuluna bu yay başlanacaq. “Qaynar” hetçbekin qiyməti 39.000 avrodan başlayacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









