Artıq Audi brendinin keçən ilki satış nəticələri haqqında məlumat dərc edilib, bu gün isə, bütün Volkswagen konserni üzrə statistik məlumatlar peyda olub. 2024-cü ilin sonunda Almaniyada baş verən dramatik hadisələrə baxmayaraq, alman avtomobil nəhəngi qlobal miqyasda cüzi eniş göstərib. Konsernin bütün markalarının ümumi satışı 9 027 400 avtomobil təşkil edib. Bu, 2023-cü illə müqayisədə (9 239 500 avtomobil) 2,3% azdır.
Ən böyük azalma Cənub-Şərqi Asiyada qeydə alınıb: minus 17,6%, ümumi satış həcmi də böyük (295 min avtomobil) deyil. Lakin Çində tələbin 9,5% azalması artıq ümumi göstəricilərə nəzərəçarpacaq dərəcədə təsir göstərib, çünki orada 2,93 milyon avtomobil satılıb. Bu bölgələrdə Asiya istehsalçıları, ilk növbədə Çindən olan istehsalçılar ilə rəqabət xüsusilə güclüdür. Qərbi Avropa da sevindirməyib (3,26 milyon, minus 0,4%), lakin Mərkəzi və Şərqi Avropada 1,7% (512 min avtomobil) artım müşahidə edilib. Şimali Amerikada (1,06 milyon) və Yaxın Şərqlə Afrikada (382 min) satışlar 6,4% artıb. Ən böyük artım Cənubi Amerikada qeydə alınıb: plyus 14,7% (594 min avtomobil).
Ana Volkswagen brendi 4 796 900 minik avtomobili sata bilib ki, bu da 2023-cü illə müqayisədə 1,4% azdır. Onlardan yalnız 383 mini elektromobillər olub. Çində Volkswagen avtomobillərinə tələbat 8,3% (2,2 milyon avtomobilə qədər), Avropada isə, 1,7% (1,25 milyon avtomobilə qədər) azalıb. Skoda 926,6 min avtomobil sataraq 6,9% artım göstərib. Lakin bütün artım Avropadan gəlib, Çində satışlar 23% (17,5 min avtomobil), Hindistanda isə, 26% (36 min avtomobil) azalıb. İspaniyanın Seat və Cupra brendləri də artım göstətiblər: iki marka ümumilikdı 558,2 min avtomobil satıb ki, bu da keçən il müqayisədə 7,5% çoxdur. Volkswagen markasının yüngül kommersiya avtomobillərinin satışı demək olar ki, dəyişməz qalıb: ötən ilki 409,4 minə qarşı 408,3 min avtomobil.
Xatırladaq ki, Audi brendinin satışları 11,8% azalıb (1,67 milyon avtomobilə qədər). Hibridlərə keçid edən Bentley şirkəti problemlər yaradıb: minus 21,5%, 10,6 min avtomobil. Bununla belə, Lamborghini 5,7% artım nümayiş etdirib (10700 avtomobilə qədər) – satışların drayveri Yaxın Şərq və Afrika bazarlarında yaxşı tələbata malik olan Urus krossoveridir. Porsche markasının satışları əvvəlki illə müqayisədə 3% azalaraq 310,700 avtomobilə düşüb. Nəhayət, Traton yük avtomobilləri bölməsi MAN şirkətinin (95,700 avtomobil, minus 17,2%) geriləməsi səbəbindən satışlarda 1,2% azalma (334,200 avtomobil) qeydə alıb. Volkswagen Truck & Bus (45,8 min, plyus 23,6%), Scania (102,1 min, plyus 5,7%) və International (90,6 min, plyus 1,9% ) markaları bu azalmanı kompensasiya edə bilməyiblər.
Volkswagen konserninin elektromobillərinin satışı 3,4% azalıb (744,8 min ədəd), onların payı isə ,satılan bütün avtomobillərin 8,3%-ni təşkil edib. Marağın azalması həm Avropada (447,9 min avtomobil, minus 5,2%), həm də ABŞ-da (49,400, minus 30,5%) qeydə alınıb! Bununla belə, ən mühüm Çin bazarında konsernin elektromobillərin satışlarında 8,1% (207,400 ədəd) artım göstərib. Əslində, Volkswagen imperiyasının gələcək rifahı uğrunda mübarizə məhz Çində aparılacaq. Bu məqsədlə şirkət elektrikləşdirilmiş modellərin (o cümlədən plug-in hibridlərinin) sayını artırmaq və yerli avtomobil istehsalçıları ilə əməkdaşlıq etmək niyyətindədir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.