Volkswagen konserni özünün çətin günlərini yaşayır və bunun səbəblərindən biri də elektromobillərə verilmiş üstünlük olub. Konsern maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün, xərclərin azaldılması məqsədilə ciddi tədbirləri həyata keçirir.
Məsələn, yayda istehsalçının Drezdendəki məşhur şüşəli fabriki bağlamaq niyyəti olduğu barədə şayiələr yayılmışdı, indi isə, bu dediqodular gerçəkləşib. Zavod öz fəaliyyətini 16 dekabr tarixində dayandırıb. Lakin şirkət elektromobillərdən imtina etməyə tələsmir, əksinə, indi əsəs üstünlüyü sərfəli modellərə verir.
Sentyabr ayında Münxendə keçirilən IAA sərgisində təqdim edilən ID.Polo prototipi artıq son sınaqlardan keçir. Dünyanın müxtəlif bölgələrində sınaqdan keçirilən gələcək seriya elektrokarı haqqında yeni məlumatlar ortaya çıxıb.
Yeni Volkswagen ID. Polo modeli brendin baş dizayneri Andreas Mindt tərəfindən yaradılan ən son Pure Positive dizayn üslubunda xarici görünüşü alan ilk avtomobil olacaq. Elektrokarın uzunluğu 4053 millimetr, eni - 1816 millimetr, hündürlüyü - 1530 millimetr, təkər bazasının genişliyi isə, 2600 millimetrdir.
MQB arxitekturasına əsaslanan yanacaqlı Polo hetçbeki ilə müqayisə edilən ölçülərə malik olan elektromobil öz genişliyi ilə seçiləcək. Onun salonu 19 millimetr daha uzun, daha geniş və hündür olacaq. Baqaj bölməsinin həcmi 24% artaraq 351 litrdən 435 litrə çatacaq, arxa cərgə qatlandıqda isə, bu həcm 1243 litrə çatacaq (indiki Polo modelindəki 1125 litrə qarşı).
Volkswagen ID. Polo hetçbeki üçün APP 290 işarələnməsi olan yeni elektrik mühərriki nəzərdə tutulub. O, üç hasilat səviyyəsinə malikdir: 116, 135 və 211 at qüvvəsi. Daha sonra idman yönümlü GTI variantı (226 at qüvvəsi) satışa çıxarılacaq.
Ən zəif güclü iki model 90 kilovata qədər sürətli şarj qabiliyyətinə malik olan 37 kilovat/saatlıq litium-dəmir-fosfat batareyası ilə təchiz ediləcəklər. Ən yüksək səviyyəli modellər 450 kilometrə qədər məsafə qət etməyə imkan verən 130 kilovatlıq şarjı dəstəkləyən 52 kilovat/saatlıq PowerCo nikel-manqan-kobalt batareyasını alacaqlar.
Nəhayət, MEB+ modul elektromobil platformasına əsaslanan ön ötürməli avtomobil, optimallaşdırılmış Travel Assist avtonom idarəetmə sistemi də daxil olmaqla bir sıra müasir elektron sistemləri ilə təchiz ediləcək.
Volkswagen ID. Polo seriya modelinin tam debütü gələn ilin yazında baş tutmalıdır, onun istehsalının isə, İspaniyanın Martorell şəhərindəki Seat zavodunda bərpa olunması planlaşdırılır. Minimal qiymətin 25.000 avro səviyyəsində saxlanılacağı gözlənilir.
Bu arada, bir vaxtlar alman avtomobil istehsalçısının sənaye qüdrətinin nümayişi hesab olunan Drezdendəki Volkswagen zavodu 24 il fəaliyyət göstərdikdən və 165.500-dən çox avtomobil istehsal etdikdən sonra bağlanıb.
Volkswagen konserni 88-illik tarixində ilk dəfə olaraq Almaniyadakı bir zavodu bağlayıb. Drezden yığım xəttindən çıxan sonuncu avtomobil bütün işçilər tərəfindən imzalanmış qırmızı VW ID.3 olub: bu nümunə xatirə eksponatı kimi saxlanacaq.
Zavod 2001-ci ildə dəbdəbəli Volkswagen Phaeton sedanının yığılması üçün açılıb və 15 ildən sonra bu sedanın istehsalı dayandırılıb. 2017-ci ildə Volkswagen e-Golf modelinin istehsalına başlandıqdan sonra, bu zavod konsernin sırf elektromobillər buraxan meydançasına çevrilib. 2021-ci ildən bəri bu müəssisədə yalnız ID.3 elektrokarları istehsal olunurdu.
Volkswagen konserni Saksoniya əyalətinin hökuməti və Drezden Texnologiya Universiteti ilə birlikdə keçmiş zavodu süni intellekt, robot texnikası, mikroelektronika və mikroçiplərin layihələndirməsi sahələrində iş üçün innovasiya kampusuna çevirməyi planlaşdırır.
Müəssisəyə ümumilikdə 50 milyon avrodan çox investisiya qoymaq planlaşdırılır. Qalan 230 işçiyə işdənçıxma paketləri və ya digər Volkswagen Qrup şirkətlərinə keçmək imkanı təklif edilib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.








