Dörd il əvvəl yığcam Volkswagen Nivus krossoveri alman istehsalçısının Braziliya bölməsi tərəfindən hazırlanmış ilk model olub. Yerli mühəndislər bu avtomobilin sonradan uyğunlaşdırılmış formada da olsa, Taigo adı altında Avropa bazarına çıxması ilə xüsusi fəxr edirlər. İndi isə, markanın yeni firma üslubunda dizayna malik olan yenilənmiş Nivus modeli Braziliyada təqdim edilib.
Əsas dəyişikliklər eksteryerdə baş verib. 4,3-metrlik krossover tamamilə yenidən dizayn edilmiş ön hissəyə sahib olub: yeni faralar işıq saçan bəndlə birləşdiriliblər, əsas hava girişi isə, indi bamperin aşağı hissəsində yerləşir. Yeni arxa fənərlər də işıqlanan zolaq ilə birləşdiriliblər, arxa bamperdə isə, diffuzorun təqlidi peyda olub. Kuzov rəngləri palitrasına yeni variantlar - Turbo Blue (Audi şirkətindən götürülüb) və Titan Blue çalarları əlavə edilib.
İnteryerdəki dəyişikliklər daha təvəzökardırlar. Oturacaqların və qapıların üzlənməsi yenidən işlənib, klimat-kontrolun sensorlu paneli peyda olub və onun yalnız bir iş zonası var, odur ki, sağ tərəfdəki temperaturu tənzimləyən meydança qapalıdır. Xüsusi olaraq Braziliyada istehsal edilən modellər üçün yaradılmış Volkswagen Play media sistemi yeni qrafikaya və genişləndirilmiş onlayn imkanlar dəstinə malik olub, lakin onun 10,1-düymlük ekranı əvvəlkidir. Adaptiv kruiz-kontrol artıq zolaqda saxlama funksiyasına malikdir.
Texniki dəyişiklik yoxdur. Braziliyada satılan Nivus modeli yalnız üçsilindrli 1.0 TSI turbomühərriki, altı pilləli avtomatik transmissiya və ön ötürmə ilə təklif edilir (MQB-A0 platforması 4x4 transmissiyasını yerləşdirmək üçün nəzərdə tutulmayıb). Mühərrik benzinlə 116 at qüvvəsi, Braziliyada geniş yayılmış etanol ilə isə, 128 at qüvvəsi hasil edir. Yenilənmiş Volkswagen Nivus modelin artıq sifarişlər qəbul olunur. Krossoverin qiyməti 137 min realdan (24 min dollar) başlayır.
“Aqressiv” görünüşlu Nivus GTS versiyasının debütü isə, 2025-ci ilin birinci yarısına planlaşdırılıb. O, artıq şəkillərdə göstərilib, lakin bu versiya barədə məlumat çox azdır. Belə krossoverin müştərilərin istəyi ilə yaradıldığı, 1,4 TSI mühərrikinə və idman xarakterinə malik olacağı bildirilir. Baza modeldən fərqlər - başqa radiator barmaqlığı, effektiv təkər diskləri, böyüdülmüş arxa spoyler və bol qara dekordan ibarətdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.