Bunlar həm artıq bazarda olan modellərin yenilənmiş versiyaları, həm də tamamilə yeni avtomobillər, o cümlədən ES90 elektrik sedanı olacaq. Başqa sözlə, Volvo 2030-cu ilə qədər tam elektrikləşdirmədən imtina etsə də, elektrikləşdirilmiş avtomobillərin buraxılması planlarından əl çəkməyib. Artırılmış yürüş ehtiyatı olan hibridlər və yenilənmiş SPA3 platformasında inşa olunacaq modellər bəyan edilib. Bu barədə isveç brendinin top-menecerlərinə istinadən “Automotive News” nəşri xəbər verir.

Adı çəkilən 10 yeniliyin hamısı 2026-cı ilə qədər satışa çıxarılacaq və Volvo şirkəti onların bəzilərini ABŞ-da satmağı planlaşdırır. Məsələn, Volvo şirkətinin Amerikadakı zavodu artıq EX90 elektrik krossoverinin istehsalına başlayıb. Daha sonra XC60 modelini əvəz edəcək və Tesla Model Y krossoverinə meydan oxuyacaq “kiçik” EX60 elektrik krossoveri peyda olacaq. EX60 haqqında məlum olan onun SPA3 arxitekturasının təkmilləşdirilmiş versiyasına əsaslanacağı və yüksək səmərəli elektrik mühərriklərini alacağıdır.

“Yaşıl” EX40 krossoverinin (əvvəllər XC40 Recharge kimi tanınırdı) yenilənməsi hazırlanır, elektrik krossoverlərinin siyahısını isə, giriş səviyyəli EX30 elektrik krossoveri açacaq. Sonuncunun tədarükünə bu yay başlamalı idi, lakin onun buraxılışı 2025-ci ilə təxirə salınıb. Nəhayət, isveçlilər EV60 Cross Country universalının istehsalına başlamağa hazırlaşırlar, onun ardınca isə, istehsalçının sentyabrın əvvəlində tizerlərini paylaşdığı yeni ES90 sedanın premyerası keçiriləcək.

Hibridlərin çeşidi də artırılacaq: SPA1 platformasında artırılmış yürüş ehtiyatı olan bir neçə hibridin buraxılması planlaşdırılır. Volvo şirkətinin məhsul və strategiya üzrə direktoru Erik Severinsonun sözlərinə görə, belə hibridlər sırf elektrik dartması ilə 53 kilometrlik yürüş ehtiyatı olan XC90 hibridindən daha çox məsafə qət edə biləcəklər.

Əvvəllər Volvo şirkəti, ləng inkişaf edən enerji doldurma infrastrukturu və bəzi bazarlarda hökumət tərəfindən verilən subsidiyaların ləğvi fonunda 2030-cu ilə qədər daxili yanma mühərriklərindən tamamilə imtina edilməsini nəzərdə tutan elektrikləşdirmə strategiyasına yenidən baxdığını bildirib. Daxili yanma mühərrikləri hibrid güc qurğularının tərkib hissəsi kimi də olsa, mühərrik çeşidində qalacaqlar.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.