2021-ci ilin yazında Hindistanda debüt edən Hyundai Alcazar modeli Creta krossoverinin üç oturacaq cərgəsi olan genişləndirilmiş versiyası idi. Altı ay sonra isə, Yaxın Şərq və Latın Amerikası bazarlarında satılacaq Creta Grand adlı oxşar krossover təqdim olunmuşdu. Hindistanda satılan Alcazar modeli 2024-cü ilin avqustunda əsaslı restyalinqdən keçib, indi isə, qrafikə uyğun olaraq, Hyundai Creta Grand krossoveri də yenilənib.
Yenilənmə Alcazar modeli ilə eyni proqrama uyğun olaraq həyata keçirilb. Krossover ikimərtəbəli optikası və gündüz hərəkət işıqlarının H-formalı naxışı olan yeni ön hissəni əldə edib. Arxa hissənin dizaynı da yenidən işlənib. Yeni dayaq sayəsində krossoverin uzunluğu 4500-dən 4560 millimetrə, eni isə, 1790-dan 1800 millimetrə qədər artıb. Başlanğıc versiyalarda Creta Grand 215/60 R17 ölçülü, bahalı versiyalar isə 215/55 R18 ölçülü şinlərə malikdir.
Salonda cihazlar paneli və mediasistemin ekranlarının (hər biri 10,25 düym diaqonal) ümumi blokda birləşdiyi tamamilə yeni ön panel peyda olub. Klimat-kontrolun miniatür ekranı olan yeni idarəetmə bloku da quraşdırılıb. İnteryer iki variantda ikirəngli tərtibat ilə təklif olunur və qabaqcıl kontur işıqlandırmasına malikdir. Əvvəlki kimi, yeddi və ya altı yerlik konfiqurasiyalar arasında seçmək imkanı var, ikinci cərgədə üç nəfərlik divan və ya ayrıca kapitan kresloları quraşdırıla bilər. Təchizata altı təhlükəsizlik yastığı və SmartSense elektron yardımçılar sistemi daxildir.
Hələlik Yaxın Şərq üçün nəzərdə tutulmuş Creta Grand modeli anons edilib və o, alternativsiz benzin turbomühərriki ilə təklif olunur. 1,5-litrlik mühərrik 160 at qüvvəsi və 253 Nm hasil edir. Mühərrik 6-pilləli mexaniki və ya iki muftalı yeddi pilləli "robot" ilə təchiz edilə bilər. Ötürmə - yalnız ön oxadır. Hindistanda satılan Alcazar modeli həmçinin 6-pilləli mexaniki və ya avtomatik transmissiya ilə tandemdə çalışan 1,5 CRDi turbodizeli (115 at qüvvəsi) ilə təchiz olunur.
Latın Amerikasında satılan yeddi yerlik Creta modelinin mühərrik çeşidində başqa güc aqreqatları da peyda ola bilər. Yenilənmiş Hyundai Creta Grand krossoverlərinin Yaxın Şərqdəki dilerlərə yaxın aylarda çatdırılacaqları gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.