Çinin Sənaye və Ticarət Nazirliyinin açıq məlumat bazasında SAIC-Audi birgə müəssisəsinin məhsulu olan uzunbazalı A5L sedanının şəkilləri və texniki xüsusiyyətləri peyda olub. Eyni zamanda, birgə müəssisənin mətbuat xidməti yeniliyin quattro sistemi, antixrom və S-Line dizayn dəsti ilə təchiz olunmuş versiyasının şəkillərini paylaşıb. Bununla belə, Çində satılacaq A5Lmodelinin interyeri, təchizat səviyyələri və qiyməti sirr olaraq qalır: çox güman ki, uzunbazalı sedanın satışlarına apreldə işinə başlayacaq Şanxay avtosalonundan sonra start veriləcək.

Audi A5L modeli keçən ilin noyabrında Quançjou avtosalonunda debüt edib, lakin orada onun yalnız ön ötürməli baza versiyası göstərilib, texniki xüsusiyyətləri haqqında isə, heç bir məlumat verilməyib. İndi bu boşluq aradan qaldırılıb: aşağı profilli təkərləri, başqa bamperləri, radiator barmaqlığı və dəyişdirilmiş diffuzoru olan top versiya nümayiş etdirilib.

204 at qüvvəli 2.0 TFSI benzin mühərrikinə və 7-pilləli S-tronic transmissiyasına alternativ yoxdur:  sedanın baza versiyasının çəkisi 1810 kiloqramdır və onun maksimal sürəti 240 km/saata çatır, tam ötürmə sistemi və S-Line paketi sedanın çəkisini 1875 kiloqrama qədər artır, maksimal sürət isə, 238 km/saata qədər azalır. Bununla belə, Audi A5L sedanının təkər bazası “qlobal” Audi A6 C8 modelindən cəmi iki millimetr qısadır və onun ümumi uzunluğu 4,9 metrdir.

Sedan Çin üçün eksklüzivdir, çünki digər bazarlarda Audi A5 ya liftbək, ya da universal kuzovu ilə təklif olunur. Lakin ən böyük bazar üçün məhz sedan kuzovlu modeli buraxacaq, təklif olunan rəng palitrasını genişləndirəcək (tünd-bənövşəyi rəngin də olacağına söz verilir) və əksinə, mühərrik çeşidi maksimal dərəcədə sadələşdirəcəklər. Audi şirkətinin Çin bazarındakı payını qoruyub saxlaması üçün yeni xətlərin uğur qazanması çox vacibdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.