Ən güclü Bentley sedanı sentyabrın 10-da nümayiş etdiriləcək. Britaniyalılar yeni Flying Spur modelinin ingilis brendinin 105-illik tarixindəki ən güclü, dinamik və qənaətcil sedan olacağını bildirirlər. Flaqman sedanının keçən ilin yayında dördüncü nəsil Continental GT modelində debüt etmiş Bentley Ultra Performance hibrid güc aqreqatını alacağı məlumdur.
Ultra Performance güc aqreqatına iki turbokompressorlu 4,0-litrlik V8 mühərriki və elektrik mühərriki daxildir. Hibrid sistemin ümumi hasilatı 782 at qüvvəsi və 1000 Nm fırlanma anı təşkil edir, halbuki Speed indeksli əvvəlki Flying Spur sedanında quraşdırılan 6,0-litrlik W12 biturbo mühərriki 659 at qüvvəsi və 900 Nm hasil edirdi.
Continental GT modelinin dartma batareyasının tutumu 25,9 kilovat-saatdır. Çox güman ki, flaqman sedanı da bənzər batareyaya sahib olacaq: Flying Spur elektrik dartması ilə 72 kilometr məsafə qət etməlidir. Xatırladaq ki, Continental GT modelinin müvafiq göstəricisi 81 kilometrdir. Sedanın ümumi yürüş ehtiyatı 800 kilometri keçməlidir.
İyulun ortalarında nümayiş etdirilən tizer yeni Flying Spur sedanının Continental GT modelindən fərqli olaraq ənənəvi optikanı saxlayacağını göstərir. Bazara ilk çıxan Flying Spur Speed modifikasiyası olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.