Bu gün smart brend üçün yeni dövr başlayıb. Üç il əvvəl o, Daimler konserni ilə Çinin Geely holdinqi tərəfindən yaradılmış birgə müəssisənin qanadının altına keçib. Smart Automobile Co. adlı yeni şirkət yaradılıb və aparıcı rolun Çin tərəfinə keçməsi ilə birlikdə tamamilə yeni model çeşidinin hazırlanmasına başlanılıb. Gülməli mikrokarlar, eləcə də daxili yanma mühərrikləri keçmişdə qalıb: indi smart brendi altında “böyük” elektromobillər istehsal olunacaqlar. Yeni ailənin ilk üzvü smart #1 krossoveri olub.
# simvolunun seriya nömrəsi ilə birləşməsi bütün gələcək modellərə şamil ediləcəkdir. Üstəlik, köhnə Smart modelləri “hesaba alınmırlar” - smart markanın yeni dövrünün başlanması münasibəti ilə sayğac sıfırlanıb. Yeri gəlmişkən, Geely holdinqinin portfelində artıq Lynk & Co 01 və Zeekr 001 avtomobilləri var.
Ölçülərinə görə smart #1 modelini cari ikinci nəsil Mini Countryman krossoveri ilə müqayisə etmək olar: onun uzunluğu 4270 millimetr, en - 1822 millimetr, hündürlüyü isə1636 millimetrdir. Oxlar arasındakı məsafə 2750 millimetrdir. Müqayisə üçün, Countryman modelinin təkər bazasının ölçüsü 2670 millimetrdir. Alman tərəfi yeni smart modellərinin dizaynına cavabdehdir: Kay Ziber brendin əsas stilisti olaraq qalır, bu istiqamətə isə, Mercedes-Benz konserninin baş dizayneri Qordon Vagener nəzarət edir. Bəlkə buna görə də, müasir Mercedes-Benz elektrokarları ilə bəzi oxşarlıqlar və mərkəzi dayaqlardakı üçşüalı ulduz olan məğrur emblemlər var.
Ümumilikdə, seriya avtomobili keçən ilki konsept-karı təkrarlayır: kuzovun forması və proporsiyaları eynidir, lakin azaldılmış klirens heç də avtomobilin xeyrinə olmayıb. Lakin smart #1 yaxşı aerodinamikaya (Cd əmsalı 0,29) və artıq nadir hala çevrilən çərçivəsiz qapılara malikdir. Təkərlərin maksimal diametri 19 düymdür, opsiyalar arasında matrisa fənərləri və irəli çıxan qapı tutacaqları da var. Bu tutacaqlar buz qabığını yarmağa qadirdirlər.
Krossover Geely şirkətinin SEA (Sustainable Experience Architecture) modul platformasında inşa edilib, ona görə də, mühəndislik işləri əsasən Çində aparılıb. Çoxlu sayda modifikasiyalar yoldadır, lakin hələlik yalnız onlardan biri təqdim edilib -marka üçün ənənəvi arxa ötürməsi, habelə 272 at qüvvəsi və 343 Nm hasil edən bir elektrik mühərriki olan versiya. Qeyd etmək gərəkdir ki, heç vaxt smart avtomobilləri bu qədər güclü olmayıblar!
Ancaq, eyni zamanda, bu qədər də ağır olmayıblar: krossoverin boş çəkisi 1820 kiloqramdır. Döşəmənin altında yerləşdirilmiş 66 kilovat-saatlıq litium-ion dartma batareyası WLTP dövrü üzrə 420-440 kilometrlik yürüyüş üçün kifayət etməlidir. Dəyişik cərəyanlı yükləmə cihazı 22 kilovata hesablanıb, sabit cərəyanlı terminallardan isə 150 kilovata qədər güclə elektrik yüklənə bilər. Elektrokrossoverin maksimal sürəti 180 km/saatdır.
Üstəlik, smart #1 tam ölçülü beş nəfərlik salona malikdir. Arxa sıra 60:40 nisbətində bölünür və onun hissələri 13 santimetr aralığında uzununa tənzimlənməyə malikdirlər. Bunun sayəsində baqajın həcmi 273-411 litr arasında dəyişir. Kabelləri yerləşdirmək üçün kapotun altında 15 litrlik bir bölmə nəzərdə tutulub.
Sürücünün qarşısında sadə 9,2-düymlük cihazlar paneli və 10-düymlük proyeksiya ekranı var. Mərkəzdə isə, avtomobilin bütün ikinci dərəcəli funksiyalarını, o cümlədən ikizonalı iqlimə nəzarət sistemini idarə edən 12,8-düymlük displey yerləşir. Media sistemi “hava üzərindən” yenilənə bilər və onun daxilində “avatar” yaşayır - bu, özünü təkmilləşdirmə proqramı olan səs köməkçisidir.
Transmissiyanın idarəetməsi Mercedes avtomobillərində olduğu kimi, sağ sükanaltı dəstəyə həvalə edilib. Krossoverdə yeddi təhlükəsizlik yastığı, şüşə dam (lyuksuz), Beats audio sistemi (13 dinamikli) və salonun 64 rəngli qabaqcıl ətraf işıqlandırması var. Seçmək üçün tərtibat materiallarının bir neçə kombinasiyası təklif edilir. Nəhayət, smart Pilot, yəni dayanmadan sonra hərəkəti bərpa etmək funksiyası olan adaptiv kruiz-kontrol da nəzərdə tutulub.
Yeni dövrün carçısı olan smart #1 modeli Geely şirkətinin Çindəki müəssisələrində istehsal olunacaqdır. Onun əsas bazarları - Avropa və Çindir. Avropa ölkələrində sifarişlərin qəbuluna sentyabr ayında, onların satışlarına isə ilin sonunda başlanacaqdır. O zamana qədər əvvəlki smart avtomobillərinin bütün ehtiyatları tükənməlidirlər - smart forfour hetçbekinin buraxılışı artıq dayandırılıb, Fransadakı zavod Ineos konserninə satılıb və üçqapılı smart fortwo modelinin müqavilə üzrə yığılmasına cari ilin yayında son verilməlidr.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.