İkinci nəsil Skoda Kodiaq modeli bir il əvvəl işıq üzü görüb və onun çeşidindəki əsas yenilik hazırki ekoloji gündəliyə cavab verən təkrar doldurulan hibrid olub. Bununla belə, şirkət ekoloji cəhətdən elə də təmiz olmayan RS versiyasından imtina etməyib. Yeni Skoda Kodiaq RS krossoveri indi təqdim olunub və o, hətta heç bir elektrik əlavəsi olmayan əvvəlki konsepsiyanı qoruyub saxlayıb.

Xatırladaq ki, ilkin olaraq Kodiaq RS dizel mühərriki ilə təchiz edilirdi, lakin 2021-ci ildəki restaylinqdən sonra o, 2.0 TDI mühərrikini (240 at qüvvəsi, 500 Nm) 2.0 TSI benzin “turbodördlüyü” (245 at qüvvəsi, 370 Nm) ilə əvəzləyib. Yeni avtomobil artıq 265 at qüvvəsi və 400 Nm hasil edən Evo prefiksi olan eyni mühərrikin yeni versiyasını alıb. İki yaş muftası olan yeddi pilləli DSG “robotu” və arxa oxda muftası olan tam ötürmə sistemi də saxlanılıb.

RS versiyasının digər xüsusiyyətləri geniş tənzimləmələr diapazonunu almış DCC+ adaptiv asqısı və yenidən sazlanmış sükan gücləndiricisidir. Yeddi hərəkət rejimi mövcuddur: Eco, Comfort, Normal, Sport, Individual, Snow və Off-Road. 100 km/saata sürətlənmə vaxtı əvvəlki modeldəki 6,5 saniyəyə qarşı 6,3 saniyə təşkil edir, baxmayaraq ki, üçüncü oturacaq sırası olan versiyanın müvafiq göstəricisi bir qədər pisləşib - 6,4 saniyə. Bununla belə, maksimal sürət aşağı düşüb: əvvəlki 234 km/saata qarşı 231 km/saat.

Skoda Kodiaq RS versiyasının xarici xüsusiyyətləri orijinal bamperlər, 20-düymlük təkər diskləri və bol qara dekorasiyadır: radiator barmaqlığı, yan güzgülərin korpusları, dam reylinqləri və digər elementlər bu rəngə boyanır. Matrisa faraları standart avadanlıq siyahısına daxil edilib, üstəlik, radiator barmaqlığının işıqlandırılması da əlavə olunub. 

Salonda inteqrasiya olunmuş baş dayaqları və standart elektrik tənzimlənməsi olan “idman” kresloları, üçqollu sükan çarxı və açıq qırmızı rəngdə dekor (tikişlər də daxil olmaqla) var. Virtual cihazlar panelinin qrafikası yenidən işlənib. Bundan başqa, RS Lounge (zamşa və eko dəri) və ya RS Suite (dəri və süni dəri) tərtibatlarını seçmək təklif olunur.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni Skoda Kodiaq RS krossoveri bir neçə aydan sonra satışa çıxarılacaq. Qiymətlər hələlik açıqlanmayıb. Amma yeni Tiguan modelinin eyni 265 at qüvvəli mühərrikə malik olan versiya də var - o, Skoda krossoverindən daha yeyindir (100 km/saata - 5,9 saniyəyə, makimal sürət - 242 km/saat) və Almaniyada 58 min avrodan başlayan qiymətlərlə satılır. Çox güman ki, “bərkgedən” Kodiaq üçün də eyni məbləği istəyəcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.