Altıncı nəsil Subaru Forester krossoveri demək olar ki, bir il əvvəl debüt edib. İndiyə qədər yapon modeli yalnız Şimali Amerika üçün nəzərdə tutulmuş və 2,5-litrlik atmosfer mühərriki ilə təchiz edilmiş versiyalarda buraxılıb. Bu müddət ərzində digər bazarlarda Forester modelinin əvvəlki nəsli satılıb, baxmayaraq ki, hər iki nəsildən olan avtomobillər istənilən halda Yaponiyadakı eyni zavodda istehsal olunurlar.
Yalnız indi Subaru yeni modelin satış coğrafiyasını genişləndirməyə başlayır: Avropa bazarında satılacaq Forester təqdim olunub və o yalnız hibrid güc qurğusu ilə təklif ediləcək.
Təəssüf ki, əvvəllər vəd edilmiş, elektrik dartması ilə hərəkət edə bilən tam ölçülü hibrid hələlik hazır deyil. O, yalnız gələn yazda təqdim olunacaq. Bu arada avropalılara sələfinin güc blokunu almış və hətta ekoloji standartlar naminə “boğmuş” mülayim Subaru Forester e-Boxer hibridi təklif olunur.
2,0-litrlik atmosfer oppozit mühərriki paylanmış birbaşa püskürtməyə keçib, lakin onun hasilatı 150 at qüvvəsi və 194 Nm-dən 136 at qüvvəsi və 182 Nm-ə qədər azaldılıb. Quraşdırılmış elektrik mühərriki (17 at qüvvəsi, 66 Nm) olan Lineartronic variatoru da əvvəlki kimi qalıb.
Arxa oxu qoşma muftası olan tam ötürmə sistemi də standartdır. Üstəlik, 4,8 Ah (0,6 kilovat/saatlıq) tutumlu dartma batareyası da dəyişməyib. “Kökəlmiş” (uzunluğu 4670 millimetr) və ağırlaşmış (təchiz olunmuş halda 1693 kiloqram) krossoverin dinamikada itirəcəyi gözlənilir: 100 km/saata sürətlənmə müddəti əvvəlki 11,8 saniyəyə qarşı 12,2 saniyədir. Maksimal sürət dəyişməyib (188 km/saat).
Güc qurğusunu nəzərə almasaq, avropalı Forester amerikan versiyasından yalnız nüanslarla fərqlənir.
Şirkət alıcıları təkcə ofroud imkanları (220 millimetrlik klirens, hərəkət elektronikasının ofroud rejimləri) ilə deyil, həm də təkmilləşdirilmiş təhlükəsizlik sistemləri ilə də cəlb etmək niyyətindədir: yeni Forester standart olaraq doqquz təhlükəsizlik yastığı və EyeSight sisteminin yeni versiyası ilə təchiz edilir. Baqaj bölümünün həcmi 508 - 1720 litr arasında dəyişir.
Avropada yeni modelin satışı ilin sonuna kimi başlanmalıdır. Burada əvvəli Forester modelinin qiyməti hazırda 38 min avrodan başlayır. Lakin bu bazar Forester üçün hələ də prioritet deyil: Avropada 27 illik istehsal müddəti ərzində beş nəsildə buraxılmış krossover cəmi 369 min nüsxədə satılıb, Forester modelinin ümumi tirajı isə, artıq beş milyonu keçib və onların yarıdan çoxu ABŞ-da satılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.