Məşhur Toyota Corolla ailəsinin on ikinci nəsli artıq yeddi ildir ki, istehsal olunur və bu müddət ərzində o, tam miqyaslı yenilənmədən, eləcə də bir neçə kiçik təkmilləşdirmədən keçib. Buna baxmayaraq, populyar modelin nəsil dəyişdirməsinə ehtiyac duyulur. Digər yeni Toyota modelləri ilə yanaşı, qarşıdan gələn Yaponiya Mobility Show sərgisində yeni Corolla modelinin carçısı nümayiş etdiriləcək: eyniadlı konsept populyar modelin on üçüncü nəslinin necə dizayna malik olacağını göstərir.

Toyota Corolla konsepti hazırkı seriya modelindən ciddi şəkildə fərqlənir, daha doğrusu, o, müasir Toyota elektromobillərinin dizayn üslubunun təkmülünü nümayiş etdirir. Şou-karın ön hissəsində ənənəvi radiator barmaqlığı yoxdur - onun funksiyasını ön bamperdəki hava girişi yerinə yetirir. İki pilləli işıqlandırma texnikası şaquli “dişləri” və pikselli qrafikası olan mürəkkəb dizayna malikdir. Arxa monofənər eyni üslubda tərtibata malikdir, baqaj qapağına isə, spoyler quraşdırılıb.

Image alt Image alt Image alt Image alt

Sedanın profili nazik dam dirəkləri və çıxıntılı yan tərəfləri ilə seçilir. Klassik qapı tutacaqları və yan güzgülər quraşdırılıb. Dekorativ örtməli ön qanadda, çox güman ki, doldurma portu üçün nəzərdə tutulmuş qapaq var. Ona görə də, konseptin sırf elektromobil deyil, ən azından plagin hibrid olacağı gözlənilir. Bununla belə, şou-karın güc aqreqatı barədə rəsmi açıqlama verilməyib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.