Volkswagen yeni nəsil Transporter modelinin videogörüntülərini yayaraq müəyyən təfərrüatları paylaşıb: interyer üzərindəki sirr pərdəsi götürülüb, mühərrik çeşidi və satış qiyməti açıqlanıb, lakin furqonun eksteryeri yalnız tündləşdirilmiş tizer şəklində dərc olunub.

Bununla belə, yeni modelin xarici görünüşünün ID.Buzz elektrik miniveninin üslubunda olduğu artıq məlumdur – avtomobillər ön optikanın oxşar dizaynına malikdirlər. Volkswagen şirkətinin rəsmi saytında konfiqurator da işə salınıb: furqonun ilkin qiyməti 43 800 avro, minivenin iisə, 48 400 avrodur.

Nəsil dəyişikliyi ilə Transporter modelinin ölçüsünün artdığı məlumdur. Bu da ona adi versiyada 5,8 kubmetrə qədər, geniş təkər bazası və hündür damı olan versiyada isə, doqquz kubmetrə qədər yük daşımağa imkan verəcək. Maksimum yükgötürmə qabiliyyəti 1,33 ton, yedəyə alınan qoşqunun çəkisi isə, 2,8 tondur.

Salonda rəqəmsal cihazlar panelinin 12,3 və media sisteminin 13 düymlük ekranları var. Çoxfunksiyalı sükan yenilənib (əlcəklərlə işləmək rahatlığı üçün düymələr onun üzərinə yerləşdirilib), smartfon üçün bölmə isə, opsional simsiz enerji doldurma sistemi ilə təchiz oluna bilər. Oturacaqları parça və ya iki növ süni dəri ilə üzləmək olar.

Image alt Image alt Image alt Image alt

Texnologiya baxımından Transporter Ford Transit ilə unifikasiya edilib: mühərrik çeşidinə 170 at qüvvəsinə qədər gücə malik olan dizel aqreqatları, 233 at qüvvəli plagin hibrid güc qurğusu və ən güclüsü 286 at qüvvəsi hasil edən tam elektrik aqreqatları daxildir. Güc aqreqatları altı pilləli mexaniki və ya səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışırlar.

Yeni nəsil Volkswagen Transporter modelinin tam debütü Almaniyada keçirilən Beynəlxalq Avtomobil Sərgisində baş tutacaq, Avropadakı satışların başlanması isə, 2025-ci ilin birinci rübündə planlaşdırılır. Sifarişlərin qəbuluna artıq başlanılıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.