Kia EV6 elektromobili üç il əvvəl təqdim edilib və bu yaz planlaşdırılmış restaylinqdən keçib. O zaman daxili Koreya bazarı üçün nəzərdə tutulmuş model nümayiş etdirilib. İndi yenilənmiş EV6 Amerikada debüt edib: Los Anceles avtosalonunda təkcə modernləşdirilmiş ailənin yerli premyerası deyil, həm də yenidən işlənmiş GT üst versiyasının ilk nümayişi baş tutub.
Kia həmçinin gələn il EV6 modelinin istehsalını ABŞ-da – artıq Kia EV9 krossoverinin buraxıldığı Corciya ştatındakı zavodda təşkil ediləcəyini bildirib. Lakin Kia EV6 GT modifikasiyası üçün belə lokalizasiya nəzərdə tutulmayıb: o yalnız Cənubi Koreyada istehsal olunacaq.
Restaylinq keçmiş EV6 elektrokarı ənənəvi blok faraları əvəz edən qəribə formalı fərqli ön optikanı alıb. Arxa fənərlər də (görünüşü dəyişməyib) daxil olmaqla, bütün işıqlandırma avadanlığı indi xüsusi Star Map texnologiyasından istifadə etməklə hazırlanır. Modifikasiya edilmiş dayaq sayəsində Kia EV6 modelinin uzunluğu 15 millimetr artıb.
800 voltluq E-GMP elektrik platforması saxlanılıb, əsas texniki yenilik isə, dartma batareyalarının tutumunun artırılması olub. Standart Range versiyasında tutum 58-dən 63 kilovat/saata, Long Range variantları üçün isə, 77,4-dən 84 kilovat/saata qədər artıb.
İndi arxa ötürməli Long Range versiyası amerikan EPA dövrünə uyğun olaraq, dolu batareya ilə 513 kilometrə qədər (+ 15 kilometr) məsafə qət edə bilir. Amerikan istehsalı olan avtomobillərin arxa sol qanadında Tesla şirkətinin NACS konnektoru quraşdırılacaq. Lakin Koreyadakı avtomobillər (GT versiyası da daxil olmaqla) sağ qanaddakı əvvəlki konnektoru saxlayacaq.
Bununla belə, Kia EV6 GT nəzərəçarpacaq dərəcədə güclü olub. İki elektrik mühərrikinin gücü 585-dən 609 at qüvvəsinə qədər artıb, fırlanma anı isə, dəyişməyib - 740 Nm. Ən ekstremal GT rejimində hasilat qısa müddət ərzində 654 at qüvvəsi və 770 Nm-ə çata bilər.
Təəssüf ki, dinamik xüsusiyyətlər açıqlanmır. Böyük Kia EV9 GT krossoveri kimi, EV6 GT modeli də standart audiosistem vasitəsilə müvafiq səslə səkkiz pillənin dəyişdirilməsini təqlid edən Virtual Gear Shift (VGS) sistemini alıb.
Yenilənmiş Kia EV6 elektromobillərinin ABŞ-da satışının başlanması 2025-ci ilin birinci yarısına planlaşdırılıb. Eyni zamanda, yenilənmiş GT top versiyası digər bazarlarda da satışa çıxacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.