Lucid Air elektromobilinin istehsalına 2021-ci ildə başlanıb və ilkin olaraq bazara ən uzunmənzilli və ən bahalı modifikasiyalar çıxarılıb. Daha sadə versiyalar isə, bir il sonra bazara daxil olublar. 2025-ci model ilinin başlanğıcına isə, modelin planlaşdırılmış yenilənməsi həyata keçirilib və Lucid Air dünyanın ən effektiv enerji sərfiyyatı olan elektromobilə çevrilib!
Lucid şirkəti arxa ötürməli Air Pure baza versiyasının indiyə qədər yaradılmış ən qənaətcil nəqliyyat vasitəsi olduğunu iddia edir. Air Pure 1 kilovat/saat elektrik enerjisi ilə Şimali Amerikanın EPA dövrünə əsasən 8 kilometr məsafə qət edə bilər. Müqayisə üçün: Hyundai Ioniq 6 - 6,7, Tesla Model S - 6,4, Mercedes-Benz EQS isə, 5,2 kilometrə 1 kilovat/saat sərf edirlər. Əlbəttə ki, 1 kilovat/saata 13 kilometr qət edən Mercedes-Benz Vision EQXX bu iddia ilə razılaşmaya bilər, lakin o seriya modeli deyil, sadəcə eksperimental prototipdir.
Lucid Air Pure sedanı kütləvi istehsal olunur və 84 kilovat/saatlıq təkmilləşdirilmiş batareya (əvvəlki 88 kilovat/saatlığın əvəzinə) və arxa oxda yerləşən 436 at qüvvəli elektrik mühərriki ilə təchiz edilir. Bəyan edilmiş yürüş ehtiyatı EPA dövrünə əsasən 676 kilometr, köhnə batareyası olan versiya üçün isə, 674 kilometrdir.
60 mil/saata (97 km/saat) sürətlənmə 4,5 saniyə çəkir. Tamötürməli Lucid Air Pure çeşiddən çıxarılıb, ikimühərrikli tamötürməli Air Touring (629 at qüvvəsi) versiyası da yeni 84 kilovat/saatlıq batareyanı (93 kilovat/saatlıq əvəzinə) alıb və hazırda 684 km əvəzinə 653 kilometr məsafə qət edir.
Növbəti Grand Touring versiyası (830 at qüvvəsi) dolu batareya ilə 824 kilometr qət edir: o, 112 kilovat/saatlıq batareyanı qoruyub saxlayıb. Çeşidin zirvəsində 1252 at qüvvəsi hasil edən üç mühərrikə malik olan Lucid Air Sapphire ekstremal modifikasiyası yerləşir. 1,89 saniyəyə 60 mil/saat həddini toplayan sedan, dolu batareya ilə 687 kilometr qət edir.
Bütün modifikasiyalar əvvəlcə yalnız Sapphire top versiyasında mövcud olan daha səmərəli istilik nasosunu əldə ediblər. Bundan əlavə, media sistemi məhsuldarlığı üç dəfə artan təkmilləşdirilmiş prosessoru alıb. Nəhayət, DreamDrive avtonom idarəetmə sistemi artıq baza avadanlıqları siyahısına daxil edilib. Lucid Air Pure baza versiyasının qiyməti 70 min dollar, Sapphire top versiyasının isə, 250 min dollar təşkil edir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.