Peugeot şirkəti 2022-ci ildə xüsusi olaraq Avropa bazarı üçün hazırladığı 408 modelini təqdim edib. Qlobal Peugeot 408 sedanından fərqli olaraq, Avropada satılan yeni model krossover estetikasını almış cəlbedici liftbəkə çevrilib. Peugeot 408 kross-liftbəkinin planlaşdırılan yenilənməsinin vaxtı gəlib çatıb və fransız istehsalçısı belə avtomobili Brüsseldə keçirilən avtosalonda təqdim edib.

Restaylinq keçən liftbəkin görünüşü yuxarı hissəsində LED işıqlandırma olan yeni radiator barmaqlığı sayəsində təzələnib. Faralar xarakterik "dişlərini" itiriblər və indi iki pilləlidirlər. Yeni ön bamper daha relyefli dizayna malikdir. Arxa işıqlar əvvəlki boş paneli əvəzləmiş və brendin işıqlandırılan adını daşıyan zolaqla birləşdiriliblər. Kuzovun rəng çeşidinə yaşıl Flare çaları əlavə edilib. Avtomobilin uzunluğu (4687 millimetr) və təkər bazası (2787 millimetr) dəyişməz qalıb. Diametri 17 ilə 20 düym arasında dəyişən yeni dizaynlı təkər diskləri də təklif olunur.

Yenilənmiş Peugeot 408 modelinin interyerində nəzərə çarpan dəyişikliklər yoxdur. Firma i-Cockpit arxitekturası cihazlar panelinin və media sisteminin on düymlük displeylərini nəzərdə tutur. Bununla belə, daha qalın şüşə və altlığın aerodinamik cəhətdən təkmilləşdirilməsi sayəsində yaxşılaşdırılmış səs izolyasiyası vəd edilir. Əlavə ödəniş müqabilində, 690 vattlıq, 10-dinamikli yeni audio sistemi əlçatandır.

Başlanğıc səviyyəli hibrid modifikasiya əvvəlki kimi 1,2-litrlik üçsilindrli turbomühərrik və elektrik mühərriki inteqrasiya edilmiş 6-pilləli avtomatik transmissiya ilə təchiz olunur. Sistemin ümumi gücü 145 at qüvvəsidir. Peugeot 408 plagin hibridi əvvəlki 1,6-litrlik turbomühərrik (180 at qüvvəsi) ilə təchiz olunur, lakin səkkiz pilləli avtomatik transmissiya əvəzinə indi yeddi pilləli variant ilə birləşdirilir. O, 125 at qüvvəli (əvvəllər 110 at qüvvəsi) yeni elektrik mühərrikinə malikdir və hibrid sistemin ümumi gücü 225-dən 240 at qüvvəsinə qədər yüksəlib. 

Batareya tutumu 12,4-dən 14,6 kilovat/saata, elektriklə yürüş məsafəsi isə, 64-dən 85 kilometrə qədər (WLTP) artırılıb. Peugeot E-408 elektromobili mövcud mühərriki (213 at qüvvəsi) və dartma batareyasını (58,2 kilovat/saat) saxlayır, lakin optimallaşdırılmış idarəetmə elektronikası və aerodinamika sayəsində onun gediş məsafəsi 453-dən 456 kilometrə qədər artıb. Xarici istehlakçılar üçün 3,5 kVt-a qədər gücü olan çıxış rejimi də əlavə edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Peugeot 408 kross-liftbəki Avropa bazarına bu ilin birinci yarısında çıxacaq, lakin qiymətlər hələlik açıqlanmayıb. Müqayisə üçün, restaylinqdən əvvəlki modelin qiyməti hazırda 41.000 avrodan başlayır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.