1968-1973-cü illərdə Porsche şirkəti 911 sportkarının ən sadə versiyalarını işarələmək üçün T (Touring) hərfindən istifadə edib. Bununla belə, 2017-ci ildə yenidən canlandırılmış 911 Carrera T modeli öz fəlsəfəsini dəyişərək həvəskarlar üçün yüngül idman avtomobilinə çevrilib. Belə versiya 992 nəslinin çeşidində də peyda olub və indi baza modelindən sonra yenilənib. Üstəlik, yenilənmiş Porsche 911 Carrera T modelinin həvəskarlara istiqamətlənməsi özünü daha güclü biruzə verir!
T-versiyasında artıq seçimlər siyahısında belə PDK “robotu” yoxdur. Sportkar yalnız mexaniki transmissiya ilə təklif edilir! Üstəlik, əgər əvvəllər bu əvvəlki nəslin PDK qutusu ilə unifikasiya edilmiş yeddi pilləli ötürmələr qutusu idisə, indi Porsche 911 Carrera T altı pilləli mexaniki transmissiya ilə təchiz olunub (yeddinci pillə sadəcə çıxarılıb). 3,0-litrlik biturbo mühərrik (394 at qüvvəsi, 450 Nm) standart yenilənmiş Carrera (yalnız PDK “robotu” ilə təchiz olunur) modeli ilə eynidir.
Amma indi T-versiyanı təkcə kupe kuzovu ilə deyil, həm də kabriolet kuzovu ilə də sifariş etmək olar. 100 km/saata sürətlənmə vaxtı müvafiq olaraq 4,4 və 4,6 saniyə, maksimal sürət isə, 295 və 292 km/saatdır. Əvvəlki Carrera T kupesi ilk “yüzlüyə” 4,5 saniyəyə sürətlənir və 291 km/saat maksimal sürət həddinə malik idi.
Ötürmələr qutusundan başqa, Carrera T versiyasının ikinci xüsusiyyəti azaldılmış çəki olaraq qalır. Buna daha incə şüşələrin, səs izolyasiyasından qismən imtina və kupedə arxa oturacağın yoxluğu (baxmayaraq ki, sifariş verilə bilər) xidmət edir. Eyni zamanda, kabriolet istənilən halda arxa sıranı qoruyub saxlayır. Nəticədə, yenilənmiş Carrera T ən yüngül müasir 911 sportkarı olub: kupenin təchiz olunmuş halda çəkisi 1490 kiloqram, kabrioletin çəkisi isə, 1580 kiloqramdır. Bununla belə, bu, “robot” ilə təchiz edilmiş adi Carrera modelində olduğundan 20-30 kiloqram azdır.
Əslində, belə bir uğursuz pəhriz əhəmiyyətli dərəcədə genişləndirilmiş avadanlıq siyahısı ilə izah olunur. Məsələn, bundan sonra Porsche 911 Carrera T standart olaraq tam idarə olunan şassi ilə təchiz edilir. Adaptiv PASM asqısı, özükilidlənən differensial və PTV dartma vektorunu elektron idarəetmə sistemi (standart əyləclərdən istifadə etməklə) bəyan edilib. Yenidən işlənmiş tənzimrləri olan köndələn dayanıqlılıq stabilizatorları və gücləndirilmiş əyləc sistemi quraşdırılıb.
Zahiri cəhətdən Porsche 911 Carrera T adi Carrera modelindən GTS modifikasiyasından götürülmüş splitteri və buraxılış sisteminin qara çıxış boruları ilə fərqlənir. Yan pəncərələrdə altı pilləli mexaniki trasnmissiyanın hərəkət sxemi var, eyni etiketləe qapılar açıldığında asfaltda proyeksiya olunur. Bundan əlavə, modifikasiyanın loqotipləri və nişanları kuzova səpələniblər.
Çox güman ki, Porsche şirkəti sürətli və bahalı avtomobillərin alıcıları arasında mexaniki transmissiyaya meylin artmasını müşahidə edir və bu trenddən yararlanmaq qərarına gəlib. Almaniyada yenilənmiş Porsche 911 Carrera T sportkarına sifarişləri artıq qəbul edilir, kupenin qiyməti 142 min avrodan, kabrioletin isə, 156 min avrodan başlayır. Bu, “robota” malik olan adi Carrera üçün istənilən məbləğdən təxminən 13 min avro çoxdur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.