Keçən həftə Zeekr şirkəti orta ölçülü 7X krossoverinin ilk şəkillərini dərc edib - əvvəlcə krossover kamuflyajda, sonra isə, zahiri görünüşünü açıqlanmış şəkildə göstərilib. İndi isə, Zeekr 7X modeli yeni təfərrüatların mənbəyinə çevrilmiş Çin sertifikatlaşdırma orqanının məlumat bazasında peyda olub.

Gözlənildiyi kimi, krossover keçən il buraxılmış Zeekr 007 sedanının dizayn üslubunu tamamilə mənimsəyib. O, qanadlara keçən kapotla və tanınan işıq texnikası ilə xarakterizə olunur. Ön və arxa tərəfdəki quraşdırılna və istənilən qrafik məlumatı göstərə bilən firma Zeekr Stargate LED panelləri də saxlanılıb. Zeekr 7X modelinin uzunluğu 4825 millimetr, eni - 1930 millimetr, hündürlüyü isə, 1656 millimetrdir. Təkər bazası 2925 millimetrdir. Xatırladaq ki, Zeekr 007 sedanında bu göstərici 2920 millimetr təşkil edir. Təkər disklərinin diametri 19 və ya 20 düymdür.

Krossoverin interyeri indiyədək yalnız casus şəkillərində göstərilib. Burada cihazlar paneli və media sisteminin ayrıca ekranlarını, minimum fiziki düymələri və orijinal üçqollu sükan çarxını görmək olar. Alın şüşəsinin üstündəki lidar qabaqcıl avtonom idarəetmə sisteminin istifadəsindən xəbər verir.

7X digər Zeekr avtomobillərinin əsaslandığı SEA platformasında inşa edilib. Ön tərəfdə ikiqollu, arxada isə, çoxqollu asqı, opsional pnevmobalonlar (bazada - adi yaylar) və 800 voltluq elektrik sistemi var. Zeekr 7X modelinin bazara üç versiyada çıxacağı bildirilir. Bunlardan ikisi arxa ötürməlidir: belə versiyadakı yeganə mühərrik 422 at qüvvəsi hasil edir, fərq isə, dartma batareyasının tutumundadır (göstəricilər hələ açıqlanmayıb).

Çeşidin zirvəsində tamötürməli versiya yerləşəcək: ikinci elektrik mühərriki ön oxa quraşdırılıb və 224 at qüvvəsinə malikdir, sistemin ümumi gücü isə, 646 at qüvvəsinə bərabərdir. 100 km/saat sürətlənmə üç saniyə çəkəcək. Bütün versiyaların maksimal sürəti 210 km/saat həddində məhdudlaşdırılıb. Krossoverin boş çəkisi 2298-2475 kiloqram arasında dəyişir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Rəsmi şəkillərin dərc edilməsi və avtomobil barədə məlumatların sertifikatlaşdırma bazasında peyda olması, yaxınlaşan təqdimatdan və tezliklə satışların başlanacağından xəbər verir. Zeekr 7X modeli çinli alıcıların pul kisəsi uğrunda Tesla Model Y krossoveri və bu yüksək rəqabətli sinfin bir çox digər nümayəndələri ilə mübarizə aparmalı olacaq.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.