Minik avtomobilləri sektorunda mövcud vəziyyət, problemlər və təkliflər… Azərbaycan avtomobil dilerləri assosiasiyasının (AADA) toplantısının mövzusu məhz belə səslənirdi. Əslində toplantıda çıxış edən iştirakçılardan birinin sözləri ilə desək, bu başlıq belə də ola bilərdi «… mövcud vəziyyət və rəsmi avtomobil idxalçılarının fəryadı!» Oxucularım düşünməsin ki, «linklərin» və «laykların» sayını artırmaq məqsədilə məsələni şişirdirəm, əsla yox. Ümid edirəm aşağıda yazacağım rəqəmləri və faktları görəndən sonra mənimlə razılaşacaqsız.
Amma əvvəl AADA adıanan ictimai birlik barədə qısa məlumat verim. Rəsmi avtomobil idxalçılarının ilk təşkilatlaşmaq cəhdi hələ 1998-ci ildə baş tutmuşdu. Yenicə təsis konfransını gerçəkləşdirib, o vaxt dərc olunan «Avto+» qəzetinin baş redaktoru Natiq Zərbəliyevi sədr təyin etmiş AADA, elə həmən il ölkədə ilk avtomobil yürüşünü həyata keçirdi. 28 May Respublika gününə həsr olunmuş 850 km-lik yürüşün məqsədi Bakıda və regionlarda sivil avtomobil bazarını təbliğ etmək idi. Xatırlayırsızsa, həmən illərdə avtomobillərin küçə-trotuar satışı inkişaf etmişdi, rəsmi diler və distribyutorlar isə ilk addımlarını atırdı.
2002-ci ildə AADA «Kaspian Motor Şoü» adlı ölkdə ilk avtomobil sərgisini təşkil etdi. Maraqlıdır ki, bu forumun açılışı Lider TV vasitəsilə canlı yayımlanırdı. Bu il bu sərgi 17-cı dəfə keçiriləcək. Hər il avtoşou çərçivəsində Avtodilerlər asosiyasiyasının «Qızıl çarx» mükafatı avtomobil sektorunun ən uğurlu nümayəndəlrinə təqdim olunur, eləcədə hər seqmentdə «İlin avtomobilləri» elan edilir. Ümumiyyətlə AADA bu günə qədər bir sıra maraqlı layihələr həyata keçirib, bunlardan avto-retro sərgilər, «off-road» yarışları və 2008-ci ildə baş tutmuş «İlhamla Irəli!» geniş miqyaslı avtomobil yürüşünü nümunə gətirmək olar.
Lakin məlumdur ki, biznes-assosiasiyalarının vəzifəsi təkcə sərgilər-yürüşlər təşkil etməkdən ibarət deyil. Müsahibim AADA-nın sədri N. Zərbəliyevdir. O deyir: "Avtomobil sektorunda çalışan biznes subyektlərinin fəaliyyətini koordinasiya etmək və onları dövlət qurumları ilə əlaqələndirmək - budur bizim əsas missiyamız. Assosiasiya eyni zamanda iki informasiya körpüsü rolunu oynamalıdır: birincisi bir-biri ilə faktiki rəqib olan, hər müştəri uğurunda mübarizə aparan şirkətlər arasında, ikincisi - bu rəqibləri birləşdirdikdən sonra onların birliyi ilə dövlət orqanları arasında. Qeyd etməliyəm ki, ikinci vəzifə daha asandır. 2000-ci illərin əvəllində ölkəmizdə avtomobil sektorunu tənzimləyəcək bir sıra normativ aktların hazırlanmasında AADA iştirak etmişdi və belə təcrübəmiz var. Daha sonra avtomobil bazarında inkişaf dövrü başladı.
Təəssüf ki, dünya iqtisadiyattında baş verən olaylar, böhranlar, onların nəticələri ölkəmiz üçün də təsirsiz ötüşə bilməzdi. 2015-ci ili o cümlədən avtomobil sektorunda da tənəzzül ili adlandırmaq olar. Manatın xarici valyutalara nisbətən kəskin zəifləməsi, bankların avtokreditlərə xitam verməsi və s. səbəbləri sadalamq olar. Nəticədə ölkəyə yeni yox, mənəvi və texniki cəhətdən köhnəlmiş, yararsız, təhlükəli avtomobillərin kütləvi sutərdə gətirilməsi göz qarşısındadır. AADA-nın hazırki toplantısında səslənən bəzi rəqəmlərə diqqət yetirək. Yaşı 10-ildən çox olan avtomobillərin sayı 900 minə yaxınlaşır bu ümumi avtomobil parkının 77 faizidir. Yaşı 2-dən az olan minik avtomobillərinin payı isə cəmi 1 fazidir.
İlk baxışdan 2016-cı ildən başlayaraq, avtomobil idxalında müşahidə olan artım sevindirməlidir, lakin biləndə ki, məsələn, 2018-ci ildə gətirilən avtomobilərin 61 faizi köhnədir, sevincdən əsər-əlamət qalmır. Xüsusən də Avropada tədricən sıxışdırılan köhnə dizel avtomobillərinin Azərbaycana trafikini izləyəndə həyəcan təbili vurmaq istəyirsən. Təkcə son 2 ildə, dizel avtomobil idxalı 13 dəfə artıb. Belə çıxır ki, dəyərli valyutanı xərcləyib, yeni avtomobillər əvəzinə metal-zibili gətiririk. Sonra da, onlara ehtiyyat hissələri daşımalıyıq. Bu həm iqtisadiyyata, həm təhlükəsizliyə, həm ekologiyaya həm də ölkənin imicinə ciddi zərbədir. Bütün bunlaırı nəzərə alaraq, Avtomobil dilerləri assosiasiyası İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə təqdim etmək üçün təkliflər paketi hazırlyır. Ümumiyyətlə hər hansı biznes sektorunun fəaliyyətni tənzimləyən sənəd və qanunlar hazırlayarkən, həmən sektorun nümayəndələri, birlikləri məsləhətləşmələr aparmaq bütün dünyada elə ölkəmizdə də normal haldır."
Müsahibədən sonra mən həmən toplantıda iştirak etdim və daha bir neçə maraqlı rəqəmlər eşitdim. Sən demə 2019-cu ilin ilk rübündə ölkəmizə 2423 avtomobil gətirilib ki, bunlardan 1415 ədədinin (58%) orta idxal dəyəri 4700 dollardır. Hələ bu harasıdır, bir tanışım deyir ki, gedirəm Almaniyayadan «Reno Meqan» gətirməyə, 1500 avroya alacağam. İndi mənə aydın olur ki, avropalılar hansı avtomobillərdən canlarını qurtarırlar. Yəqin bu məqalədən sonra məni daşqalaq etmək istəyənlər də olacaq, deyəcəklər ki, «özün yəqin bahalısını sürüsən, niyə qoymursan kasıb da maşın alsın».
Əvvəla mən piyada gəzirəm və sağlamlıq üçün bunu təbliğ edirəm. İkincisi köhnə maşınların qazını udan balalarımızın həmən o avropa balalarından nəyi əskikdir? Və nəhayyət sözügedən toplantıda əhaliyə yeni avtomobillər almaq imkanl yaradacaq kredit, lizinq və başqa maliyyə sxemləri müzakirə olundu. Banklar assosiasiyası və dövlət orqanlarına belə təkliflər də hazırlanır. Əminəm ki, küçələrimizi metal qırıntılarından, havamızı ziyanlı tullantılardan təmizləmək gələcək nəsillər qarşısında borcumuzdur.