AvtoVAZ şirkəti Granta ailəsinin yeni üzvünü – yüksək keçimli Granta Cross modelini təqdim edib. Beləliklə, Granta ailəsi artıq beş versiyada - sedan, liftbek, xetçbek, universal və yüksək keçimli universal variantlarında təklif olunur.
Yeni Lada Granta Cross modeli 198 millimetrlik klirensə malikdir ki, bu da adi universalda olduğundan 18 millimetr çoxdur. Granta Cross 195/55 ölçülü şinlər taxılmış və orijinal dizayna malik olan 15-düymlük təkər diskləri ilə təchiz edilir. Bundan başqa, modelin baza təchizatına reylinqlər də daxil edilibdir. Avtomobilin qara rəngli materiallar ilə tərtib edilmiş interyerində narıncı və boz rəngli haşiyələr də peyda olub.
Lada Granta Cross modelinin baza variantı 87 at qüvvəsi və 140 Nm fırlanma anı hasil edən 1,6-litrlik mühərrik ilə təklif edilir. Modelin top variantı isə eyni mühərrikin 106 at qüvvəsi və 148 Nm fırlanma anı hasil edən modifikasiyası ilə təchiz ediləcəkdir.
İstehsalçı modelin avadanlıq siyahısı barədə məlumat verməsə də, Granta Cross modelinin təchizatına klimat-kontrolun, alın şüşəsinin qızdırılması funksiyasının, sürəti məhdudlaşdırmaq imkanına malik olan kruiz-kontrolun, iki hava yastığının və idman rejiminə malik olan “robotun” daxil edildiyi məlumdur.
Lada Granta Cross modelinin satışlarına bu ilin yayında başlanacaq.