AvtoVAZ şirkəti Vesta modelinin universal kuzovlu variantı barədə ətraflı məlumatı dərc edib. Bundan başqa, rus istehsalçısı avtomobilin interyerinin fotoşəkillərini də yayıb.
Lada Vesta SW modeli salonun narıncı tərtibatına və beşinci qapının düymə ilə açılması sisteminiə malik olub.
Bu düymə birbaşa həmin qapının üzərində quraşdırılır. Xatırladaq ki, sedanın baqajını açarın və yaxud salondakı düymənin köməyi ilə açmaq olar. Lada Vesta universalının baqaj bölümünün həcmi 480 litr təşkil edir. Əlavə 95 litrlik məkan baqaj döşəməsinin altında mövcuddur. Arxa oturacaqların qatlanması halında baqaj bölümünün həcmi 825 litrə qədər artırıla bilər. Universalın baqajında əşyaların asılması üçün bir neçə qarmaq, üç tor, beş litrlik kanistranın yerləşdirilməsi üçün məkan, xırda əşyaların saxlanılması üçün ciblər və arxa sağ tağın yanında olan bağlı bölüm vardır.
Bundan başqa, universal ön oturacaqların arasında quraşdırılmış ayrıca dirsəkaltına, arxa oturacaqların qızdırılmasına və ikinci cərgə üçün nəzərdə tutulmuş USB-portlara sahib olmuşdur.
Lada Vesta Cross yüksək keçimli universalı da narıncı rəngli salon tərtibatına malik olacaqdır. Narıncı rəngini oturacaqlarda, mərkəzi konsol və cihazlar panelində də görmək mümkün olacaqdır.
Lada Vesta SW modelinin təchizatına klimat-kontrol, oturacaqların üç səviyyəli qızdırılması, kruiz-kontrol, sensorlu displeyi olan multimedia sistemi və bortkompyüter daxildir.