AvtoVAZ şirkəti yaxın zamanlarda Renault-Nissan alyansı tərəfindən hazırlanmış platformaya əsaslanan yeni modellərin istahsalına başlamaq niyyətindədir. Bunu sübutu istehsalçının korporativ satınalmalar saytındadır: rus istehsalçısı "CMF-B-LS platformasında avtomobillərin istehsalı" layihəsi üçün transformator yarımstansiyasının təchizatçısını axtarır.
Sözügedən CMF-B-LS platforması CMF-B arxitekturasının variantlarından biridir. Platformanın adındakı LS (Low Specification) abbreviaturası söhbətin CMF-B platformasının sadələşdirilmiş versiyasından getdiyini bildirir.
Drom.ru portalının verdiyi məlumata görə, yeni platforma Lada Granta modelinin yeni nəslinin əsasını təşkil edə bilər. Çox güman ki, bu platformadan 2018-ci ilin Lada Vision 4x4 konseptinin seriya versiyası olacaq Lada Niva modelinin inşasında da istifadə ediləcəkdir. Bu modellərin 2022 və 2023-cü illərdə debüt edəcəyi gözlənilir.
CMF (Common Module Family) platforması 2013-cü ildə Renault-Nissan alyansı tərəfindən hazırlanmışdır. Bu platformadan Renault Laguna, Espace və Scenic, həmçinin Nissan X-Trail və Qashqai modellərinin istehsalında istifadə edilir.
Pıatforma əsas modulların toplusundan ibarətdir: mühərrik bölməsi, ön kokpit, altlığın ön və arxa hissəsi, elektrika və elektronika üçün ümumi hissə. Modullar müxtəlif siniflərdən olan avtomobillər üçün hazırlanıb və qarşılıqlı əvəzlənə bilərlər.
Bu modul platforması sayəsində Renault və Nissan şirkətləri mühəndislik işlərinə və ehtiyat hissələrinə xərclənən vəsaitlərə qənaət edərək, istehsala çəkilən xərcləri ciddi şəkildə azaltmağa müvəffəq olublar.