Bu günlərdə «АвтоВАЗ» şirkətinin prezidenti postunu tutmağa daha çox şansı olan şəxsin adı açıqlanmışdır. «Ведомости» nəşri şirkət daxilindəki öz mənbəsinə istinadən yaydığı məlumatda bu şəxsin Rumıniyadakı Renault qrupunun direktoru və Dacia şirkətinin prezidenti Nikolya Mor olacağını bildirilmişdir. Rəsmi olaraq, «АвтоВАЗ» şirkətinin yeni rəhbərinin adı martın 15-də açıqlanmalıdır. Yeni təyin ediləcək şəxs, Alliance Rostec Auto BV şirkəti tərəfindən istefaya göndərilmiş Bu Anderssonu əvəzləyəcəkdir.

Alliance Rostec Auto BV şirkəti 2010-ci ildə Renault-Nissan alyansı və Rusiyanın «Ростех» korporasiyası tərəfindən «АвтоВАЗ» şirkətinin idarə edilməsi məqsədi ilə yaradılmışdır.

«Ростех» korporasiyasının rəhbəri Sergey Çemezovun bildirdiyinə görə, Anderssonun istefaya göndərilməsinin əsas səbəbi, isveçlı mütəxəssisin rəhbərliyi zamanı Voljsk avtomobil zavodunun  qarşılaşdığı 75 milyard rubulluq itkilərdir.  İsveçli mütəxəssis yerli malgöndərənlərlə əlaqələri kəsərək, Nissan-Renault alyansını təchizatı ilə məşğul olan xarici şirkətlərə üstünlük vermişdir.  Rublun kursunun düşməsi ilə əlaqədar olaraq bu hal avtoistehsalçının xərclərinin artmasına gətirib çıxarmışdır.

Bu Andersson «АвтоВАЗ» şirkətinin rəhbərliyinə 2013-cü ilin noyabrında gətirilmişdir. Buna qədər o, dörd il «Группа ГАЗ» birliyinə rəhbərlik etmişdir.