AvtoVAZ şirkəti Lada 4x4 ofroderinin Black Edition və Orange Edition adlı xüsusi modifikasiyalarını təqdim etmişdir. Xüsusi seriyadan olan ofroderlər adi avtomobillərdən kuzovun rəngi və interyerin tərtibatı ilə seçilirlər.

Lada 4x4 Black Editon modifikasiyasının kuzovu qara “Pantera”, Lada 4x4 Orange Edition variantının kuzovu isə narıncı “Apelsin” metallik rənginə boyadılmışdır. Avtomobillərin salonunda kontrastlı örtüyü  olan oturacaqlar və işıqlandırmanın mərkəzi plafonu quraşdırılmışdır. Hər iki xüsusi versiya maksimal təchizatla təklif edilir. Avtomobilin avadanlıq siyahısına elektriklə tənzimlənən və qızdırılan yan güzgülər, kondisioner, yaxşılaşdırılmış vibroizolyasiya və yüngül lehimli təkər diskləri daxildir. Ofroderlər 83 at qüvvəsi və 129 Nm fırlanma anı olan 1,7-litrlik dörd silindrli benzin mühərriki və beş pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir. Xüsusi modifkasiyaların Rusiyadakı satış qiyməti 510300 rubl (13200 manat) təşkil edir.