AvtoVAZ yeni əmtəə nişanını qeydiyyatdan keçirmək qərarına gəlib. Rus avtomobil nəhənginin törəmə müəssisəsi olan “Avtozavod Sankt-Peterburq” MMC yeni əmtəə nişanının iki versiyasını qeydiyyata almaq üçün Rospatentə ərizə ilə müraciət edib. Ərizə yanvarın 11-də verilib. Əmtəə nişanının özü ovalın içinə yerləşdirilmiş iki hissədən ibarət “X” hərfi şəklində hazırlanıb.
Əgər loqotipin üst tərəfini götürsək və alt hissəsini böyütsək, AvtoVAZ konserninin yeni tərəfdaşı olduğu söylənilən Chery markasının embleminə bənzər bir şey ortaya çıxacaq. Eyni zamanda, loqotip başqa bir Çin şistehsalçısının – Xpeng şirkətinin embleminə bənzəyir.
Ərizədəki məlumatlara əsasən, AvtoVAZ yeni brend altında geniş çeşiddə məhsul istehsal edə biləcək. Buraya minik, idman, yarış avtomobilləri və hətta pilotsuz nəqliyyat vasitələri, elektrik və reaktiv mühərrikləri, kemper və qoşqular, furqonlar və refrijiratorlar, həmçinin hərbi maşınlar və komplektləşdiricilər daxildir. Bundan əlavə, müxtəlif mallar, o cümlədən Milad ağacı oyuncaqları və idman malları da nəzərdə tutulub.
AvtoVAZ keçən həftə keçirdiyi illik mətbuat konfransında yeni brendin fəaliyyət planını rəsmən açıqlayıb. Nissan şirkətinin keçmiş istehsal meydançası olan “Lada Sankt-Peterburq” zavodunda lisenziya əsasında avtomobillər buraxılacaq.
Hələlik C və D siniflərindən olan iki model məlumdur, onlardan biri krossover və ya ofrouder olacaq. Plana əsasən, bu modellər yaxın iki il ərzində işıq üzü görəcəklər.
Rusiya avtomobil nəhənginin partnyoru haqqında məlumat hələlik qeyri-rəsmidir: insayderlərin bildirdiyinə görə, iki mərhələli danışıqlardan sonra, rus istehsalçısının tərəfdaşı Çinin Chery şirkəti olub. Çinlilərin AvtoVAZ qarşısında şərt qoyduqları da söylənilir - ortaqlığı yaymamaq. Yeni əməkdaşlığın ilki dekabr ayında Çindən göndərilən avtomobil dəstlərindən yığılan Tiggo 7 Pro krossoveridir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.