Keçən həftə Bakı şəhərində keçirilən ilk Azərbaycan Qran Prisinin qalibi Red Bull Racing komandasının Avstraliyalı pilotu Dəniel Rikkardo oldu. Onuncu yerdən start alan pilot inanılmaz gərgin anlarla dolu olan yarışda finiş xəttini keçməyə müvəffəq oldu. Podiumun ikinci pilləsinə Mercedes komandasının fin pilotu Valtteri Bottas, üçüncü pilləsinə, özünün ilk podiumunu qazanan və Williams komandasına isə uzun müddətdən sonra podium qazandıran gənc kanadalı Lens Stroll qalxdı.

Autograph onlayn jurnalının və onun televiziya variantını hazırlayan Avtograph TV-nin  komandası bu Qran Priyə Renault Sport F1 Team komandasının dəvəti ilə VIP qonaq şəklində qatılmışdı.Fransız komandası bizimlə bərabər bu mərhələyə bir sıra tanınmış simaları da dəvət etmişdi. Bu komandanın tərkibində Azərbaycanda F1 yarışlarının sımasına çevrilən Rəhim Əliyev, məşhur radio aparıcısı Əzizə İsmaylova və jurnalist Murad Axundov da vardı.

Təşkilatçılar bizə komanda ilə yaxından tanış olmaq və Qran Pri günlərində onun fəaliyyətini izləmək şansını qazandırdı. İlk gün keçirilən sərbəst yürüşlər öncəsi komandanın «qonaq evində» dördqat dünya çempionu, yaşayan əfsanə Alen Prostla tanış olmaq imkanınız oldu. Bununla yanaşı, komandanın pilotları Niko Hülkenberq və Colion Palmerlə trekimiz barədə söhbətlər də etdik. Niko Bakı trekinin əyləclərə daha tələbkar olduğunu və pilotlardan yüksək diqqət tələb etdiyini bildirdi.

Söhbət zamanı ondan trekimizin döngələri haqqında rəy bildirməsini xahiş etdim. Əsasən də 8-ci dövrə barədə. Səbəbi hamıya gözəl məlumdur. Bu döngə həm Formula 2, həm də Formula 1 pilotlarına problemlər yaşadırdı.

Niko bunun səbəbinin döngədəki səkinin forması ilə əlaqədar olduğunu bildirdi, lakin aparılmış dəyişikliklərin işləri bir qədər asanlaşdırdığını da söylədi. Təkər seçimi barədə sualıma isə, Bakı trekinin asfalt səthinin çox hamar olduğunu və təkərlərin aşınmasının aşağı səviyyədə olması səbəbində daha yumşaq tərkiblərin uyğun olduğunu bildirdi.  Qeyd etmək istərdim ki, mütamadi olaraq komandamız Renault komandasının qarajına dəvət edilir, komandanın necə fəaliyyət göstərməsi, mühəndislərin çalışdıqları məkanla, və burada olan avadanlıq və ehtiyat hissələri barədə məlumatlar verir, nümayişlər keçirirdilər.

Nümayiş edilənlərdən lazım gəldikdə qısa müddətdə yeni bolid yığmağa belə imkanın olduğunu görmək mümkün idi. 

Elə bu həftəsonu Colion Palmerin sərbəst yürüşlərdəki qəzasından sonra komanda mexaniklərinin qısa müddətdə avtomobili hazır etməsi bunun nümunəsi idi. Sıaralamalarda da bolidin motorun yanmasından sonra mexaniklər gecə boyu çalışaraq mühərriki və yanmış naqılləri dəyişməyə müvəffəq oldular. 

Əlbəttə yarışı tribunadan və paddok klubdan seyr etmək xüsusi zövq verir, lakin komandanın qarajından bu yarışları izləmək inasan ayrı bir həyəcan və adrenalin verir. Burada komanda ilə birlikdə emosiyaları bölüşmək, radiodanışıqları bilavasitə dinləmək pit-stopları seyr etmək mümkündür. Yəni bunları söyləməklə anlatmaq bir qədər, bunu anlamaq üçün bu hissləri yaşamaq lazımdır. 

Digər tərəfədən istənilən vaxt paddokda gəzinti etmək və pilotlar, məşhur şəxsiyyətlərə ünsiyyət qurmaq imkanı əldə edirsən.

Burada Formula 1 çempionatının keçmiş sahibi Berni Ekklstounu, məşhur menecer Flavio Briatoreni, ekstravaqant və şən Eddi Cordanı, qocalmayan DC Dəvid Kulhardı görmək adi bir haldır. Bir sözlə tamamilə Formula 1 dənizinə  dalırsan.

Ən maraqlısı isə, Formula 2 pilotu və Renault komandasının ehtiyat pilotlarından olan Sergey Sirotkinlə nahar etməmiz oldu. Onunla söhbət əsnasında Sergeyin baba və nənəsinin uzun müddət Bakıda yaşadığını və atasının bizim şəhərdə anadan olduğunu öyrəndik. Sergeyin bizim şəhərdə özünü doğma şəhərində hiss etdiyini bildirdi və şəhər sakinlərinin qonaqpərvərliyindən razı olduğunu bildirdi.

Əlbəttə ki, 8-ci döngə barəsində Sergeyin də fikrini soruşdum. O, səki üzərində aparılan dəyişikliklərdən sonra F2 pilotları üçün bu döngəni keçməyin daha çox çətin olduğunu və avtomobilin daha çox tullandığını bildirdi. Ümumiyyətlə, o Formula 2 bolidlərinin Formula 1 bolidlərinə nisbətən pilota qarşı daha tələbkar olduğunu və bu texnikada yarışmaq üçün yüksək fiziki hazırlığa malik olmağın vacibliyini bildirdi.

Bazar günü hər kəsi bir sual maraqlandırırdi - yarış cansıxıcı keçməyəcək ki? Pessimistlər bunu düşünsələr də daxili hissim mənə çox maraqlı yarışın keçəcəyini bildirirdi. Bu barədə Natiq Zərbəliyevlə müsahibə zamanı da bildirmişdim. Hisslərim məni yanıltmadı - yarış inanılmaz, emosiyaların tüğyan etdiyi, qəzaların bol olduğu bir şəraitdə keçdi. Əminəm ki, bu yarış uzun müddət müzakirələr və mübahisələr mövzusu olacaqdır.

Üç təhlükəsizlik avtomobilinin çıxışı, yarışın ilk dövrəsində iki fin pilotun «iki qoçun başı bir qazanda qaynamaz» sayağı mübarizəsi, Okonun Kanadanın acığını Peresdən çıxması, Qırmızı bayraqlar, Həmiltonun qəfil yavaşlaması, səsbləşən Fettelin bakılı sürücülər sayağı əl hərəkətləri və «biiiip» siqnalı ilə avəzlənən Lyuisin nəsil-nəcabətini xatırlaması və «yarbalalıq» etməsi və bir çox hadisələr hər kəsi «crazy race» çığımağa şəhvətləndirdi. 

Qonağı olduğumuz Renault komandasının qarajında hər kəsin Palmerin yarışdan kənar qalmasına məyus olması, Hülkenberqin podium şansının yaranmasına sevincini və onun qəzasını seyr edən zaman ah çəkilməsi - bunlar hamısı seyr etdiyimiz və komanda ilə birlikdə keçirdiyimiz emosional saatlar idi.

Əlbəttə hər kəs emosiyalarını cilovlaya bilməyən Fettelin qalibiyyəti qaçırmasından, Lyuisin alman pilotu «quyruğundan» atmaq üçün etdiyi mərifətsiz hərəkətdən, buz kimi xarakterə malik olan finlərin qızğın mübarizəsindən, etibarsız Hinda üzündən uzun müddətdir ki xal qazanmayan Alonsonun bu mövsümdəki ilk xallarından, start-finiş düzlüyündə son anda Bottasa keçilən gənc Lens Strollun ilk podiumu barədə uzun müddət danışıb yazacaqdır. 

Yekunda Azərbaycana və mərhələmizə olan marağın artmasını nümunəsi olan dolu tribunaları da qeyd etmək istərdim.

Bu il yarışımızın La Man yarışları ilə üst-üstə düşməməsi də öz bəhrsini vermişdi - tribunalarda Avropa və dünyanın bir çox guşəsindən olan minlərlə əcnəbi turistləri seyr etmək sevindirici anlardan biri idi. Bir sözlə ilk Azərbaycan Qran Prisinin siftəsi fantastik keçdi və Formula 1 tarixinə həmişəlik həkk olundu. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt