Bu gün bəzi saytlar ölkəmizdə debüt edəcək Avropa Qran Prisi haqqında həqiqətə uyğun olmayan yazı dərc ediblər. Azərbaycanda Formula 1 haqqında yeganə və peşəkar F-1.az (Formula1 Azərbaycanda) saytı bu məsələyə aydınlıq gətirmişdir. Nəşrin əməkdaşları bir çoxlarının istinad etdikləri mənbəyi taparaq xəbərin haradan qaynaqlandığını araşdırmışdırlar.
F-1.az bildirir ki, özünü haqq fədaisi kimi qələmə verən həmin sayt növbəti dəfə yalan, iftira və böhtan yaydığını sübut edib. Tərcümə etdiyi yazının Autoweek saytına aid olduğu bildirildiyi üçün yazıya müraciət etdik.
Əvvəla, bəri başdan deyək ki, bu sayt avtoidman saytları arasında elə də nüfuzlu sayt sayılmır.
İkincisi, saytın dərc etdiyi yazının qəhrəmanı İtaliya Milli Avtoklubunun prezidenti Anjelo Stikki Damyanidir. Bir neçə gün əvvəl biz xəbər vermişdik ki, İtaliya parlamenti icazə verib ki, bu klub İtaliya Qran Prisinin maliyyələşdirilməsində iştirak etsin. Yəni bu günə qədər Montsada baş tutan Qran Prinin maliyyələşdirilməsi hökumətin yardımı və Montsa Milli Avtodromunun hesabına həyata keçirilirdi. Berni Ekklstoun illik yarış haqqını qaldırdığı üçün avtoklub da maliyyə dəstəyini təklif edib.
Təsəvvür edin ki, bu klub və onun prezidenti bir neçə həftədir ki, danışıqlara qatılıblar, Berni ilə bir stol arxasında oturmaq hüququ əldə ediblər, öz yarışlarının haqqını indi öyrənən birisi Bakıda baş tutacaq yarışın haqqını hardan bilə bilər?
Bu yerdə qeyd etmək lazımdır ki, Formula1-də bütün maliyyə rəqəmləri kommersiya sirri kimi qorunur. Elə məlumatlar var ki, heç Formula1-in kommersiya başçısı Berni Ekklstoun belə bilmir. Məsələn, ayrı-ayrı sürücülərin əmək haqqı, komandaların büdcələri və s. Yarışların keçirildiyi ölkələrlə danışıqlarda isə yalnız Berninin özü şəxsən iştirak etdiyi üçün bu rəqəmləri, ümumiyyətlə, heç kim bilmir. Yəni Berni və ona yaxın olan adamlar, bir də ölkənin bu işdə səlahiyyətli nümayəndələri. Bu dar çərçivədən kənara məlumat çıxa bilməz.
Yenə də sual edirəm – bəs Damyani dünən öz ölkəsindəki bu dar çərçivəyə daxil olan adam kimi, öz ölkəsinin deyil, başqa bir ölkənin maliyyə rəqəmini bilə bilərmi? Cavab – ƏSLA YOX!
Mətni diqqətlə oxuyun. Bu “makaron həvəskarı” özünü qəhrəman kimi qələmə verir. Sanki bu olmasaydı, İtaliya Qran Prisi də olmayacaqdı. Guya Berni ilə danışıqlarda Formula1-in kommersiya başçısı bunları məhz varlı yeni traslarla şantaj edir. Yəni “əgər siz filan məbləği verməsəniz, sizdən də çox məbləğ verən ölkələr var”. Damyani də məcbur olub Berni deyən məbləğə yaxın şərtlə razılaşdığı üçün, “yandığından” ən sonda bir cümləlik məlumat atır ortaya – “məsələn, Bakı 3 ilə 150 milyon dollar ödəyəcək”.
Cənab Damyani! Əvvəla, bizim müqaviləmiz əsla üçillik deyil! İkincisi, bəlkə siz öz ölkənizin işləri ilə məşğul olasınız? Üçüncüsü, əgər başqa ölkələrin işlərinə qarışmağa davam etsəniz, Bakı olmasa belə, başqa bir varlı ərəb ölkəsi sizdən çox məbləğ ödəməklə sizi də Formula1-dən mərhum edəcək.
Formula1 həvəskarlarına isə deyirik ki, heç ruhdan düşmək lazım deyil. Yarışlara hazırlıq yüksək səviyyədə davam edir. Biz əminik ki, yüz belə Damyanilər və “haqq fədailəri” olsa belə, bizim yarış baş tutacaq!
Rahim N. Əliyev
F-1.az saytının baş redaktoru