B&B Automobiltechnik tüninq atelyesi yeni nəsil Audi A4 sedan və universalı üçün təklif etdiyi tüninq proqramını təqdim etmişdir. Alman tüninq ustaları ilk növbədə avtomobilin güc aqreqatlarının təkmilləşdirilməsi proqramını təklif edirlər. Belə ki, 1198 avroya 190 at qüvvəsi və 400 Nm fırlanma anı olan 2,0-litrlik dörd silindirli dizel mühərrikinin göstəriciləri, atelye mütəxəssislərinin müdaxiləsindən sonra 230 at qüvvəsinə və 460 Nm fırlanma anına qədər yüksəlmiş olur. Lakin, bu hələ son deyildir. 2950 avroya siz bu mühərrikin gücünü 250 at qüvvəsinə, fırlanma anını isə 500 Nm-ə qədər artıra bilərsiniz.
3,0-litrlik altı silindirli dizel mühərriki də təkmilləşdirmədən öz nəsibini almışdır. 272 at qüvvəsi gücü və 600 Nm fırlanma anı olan dizel güc aqreqatının göstəricilərini 310 at qüvvəsinə və 670 Nm-ə yüksəltmək mümkündür.
Bunun üçün sadəcə 1698 avro ödəmək gərəkdir. Əgər bu göstəricilər sizi qane etmirsə, 1950 avro qarşılığında B&B Automobiltechnik ustaları mühərrikin gücünü 326 at qüvvəsinə, frlanma anını isə 695 Nm-ə artırmağa hazırdırlar.
Bu göstəricilər də azlıq edərsə, 3950 avroya dizel aqreqatının gücü 350 at qüvvəsinə və 725 Nm fırlanma anına artırıla bilər.
Belə mühərriklə təchiz edilmiş Audi A4 Avant modeli 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir və onun maksimal sürəti 275 km/saat təşkil edir.
B&B Automobiltechnik mütəxəssisləri 252 at qüvvəsi və 370 Nm fırlanma anı olan 2,0-litrlik turbomühərrikin gücünü 300 at qüvvəsinə və fırlanma anını isə 430 Nm-ə artırmağa hazırdırlar. Bunun üçün 1298 avro tələb edilir. Bu məbləğə 500 avro əlavə etsəniz, sizin üçün mühərrikin göstəriciləri müvafiq olaraq 320 at qüvvəsinə və 460 Nm-ə artırıla bilər.
7950 avroya və Audi A4 Avant 2.0 TFSI S-Tronic avtomobilinə sahibsəniz isə, bu zaman, 365 at qüvvəsinə və 530 Nm-ə sahib olacağınızdan şübhə etməyə bilərsiniz.
Atelye mütəxəssisləri S4 modelinin sahiblərini də yaddan çıxarmamışdırlar. Onlar, 3,0-litrlik altı silindirli benzin turbomühərriki ilə təchiz edilmiş «dəmir atları» üçün, üç müxtəlif tüninq proqramından birini seçə bilərlər. 354 at qüvvəsinə və 500 Nm fırlanma anına malik olan mühərrikinin gücü 400, 430 və 450 at qüvvəsinə, fırlanma anı isə, müvafiq olaraq 560, 585 və 600 Nm-ə qədər artırıla bilər. Əlbəttə ki, 1950, 2950 və 5950 avro qarşılığında.
Əlavə olaraq, atelye mütəxəssisləri yeddi pilləli S-tronic və səkkiz pilləli Tiptronic qutularının üzərində işləməyi və 398 avro qarşılığında zəhlə tökən sürət məhdudiyyətini götürməyə hazırdılar. Əlbəttə ki, bütün bu dəyişikliklər hündürlüyü 35 millimetr azaldılmış yeni asqının, mühərrikin yağın əlavə soyudulması və səsboğucu sistemlərinin, 19 və ya 20 düymlük təkər diskləri də daxil olan aerodinamik kuzov dəstinin quraşdırılması ilə paralel aparılacaqdır.