Trek superkarı olan Mono modelinin buraxılışı üzrə ixtisaslaşmış Briggs Automotive Company (BAC) şirkəti, bu avtomobilin yubiley 100-cü nüsxəsini istehsal edib. Avtomobil unikal rəngə boyanıb və Danimarkadakı Strojer Samlingen muzeyinə veriləcəkdir.
Yubiley BAC Mono superkarı Liverpuldakı zavodun qapısından keçən ayın əvvəlində çıxıb. Görünən karbondan kuzova malik olan superkar ilk dəfə olaraq yaşıl rəngin ən məşhur çalarına boyanıb – British racing green. Bundan başqa, avtomobil qızılı rəngdə “Chassis 100” yazısı olan lövhəciyə də sahib olub. Qızılı aksentləri həmçinin kuzov, salon və karbon disklərdə də görmək olar.
Unikal avtomobil, ən heyranedici kolleksiyaya malik olan Danimarkanın Strojer Samlingen avtomobil muzeyinə veriləcəkdir. Bu muzeyin eksponatları arasında Ferrari, Lamborghini, Bugatti, Aston Martin, Koenigsegg, Porsche və McLaren modelləri də vardır. Yubiley Mono superkarının muzeyə verilməsi şirkət üçün daha bir tarixi anı xatırladır – şirkət öz 10 illik yubileyini qeyd edir.
Təkyerli BAC Mono ümumi yollarda istismar üçün icazəyə malikdir. Superkar 309 at qüvvəsi və 308 Nm fırlanma anı hasil edən 2,5-litrlik dördsilindrli atmosfer mühərriki ilə təchiz edilir. 580 kiloqram çəkiyə malik olan avtomobil 100 km/saat həddinə üç saniyədən az müddətə sürətlənir. Trek avtomobilinin maksimal sürəti 274 km/saatdır.