Çinin BAIC Group dövlət maşınqayırma holdinqinin portfelində 2018-ci ildə yaradılmış Arcfox (“Qütb tülküsü”) brendi mövcuddur. Çində bu brend altında elektromobillər satılır: indiyədək Arcfox markasının model xətti iki avtomobildən, orta ölçülü αS (Alpha S) sedanı və αT (Alpha T) adlı D sinifindən olan krossoverindən ibarətdir. “CarNewsChina” nəşri bu modellərin bər birinin Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinə həsr olunmuş məhdud saylı xüsusi buraxılışını əldə edəcəyi barədə xəbər verib.
Həm Alpha S sedanı, həm də Alpha T krossoveri xüsusi detalları alacaqlar. Məsələn, ön paneldə və oturacaqların başlıqlarında “Balaca Şahzadə” əsərindən tanınan təsvirlər, arxa kuzov dayağında isə xüsusi buraxılış loqotipi yerləşdiriləcəkdir. Kuzovda nağılın baş qəhrəmanı təsvir edilmiş stikerləri görmək olar. Hətta multimedia sisteminin qrafikası da yenidən işlənəcəkdir: sürücünü “Balaca şahzadə” əsərindən olan qızılgül şəkli qarşılayacaq və müvafiq ekran qrafikası da vəd edilir.
Alpha S sedanı Çində təkmühərrikli və ikimühərrikli qurğularla mövcuddur - birinci halda, ön oxa quraşdırılmış mühərrik 218 at qüvvəsi hasil edir, ikincidə isə, hər iki oxda quraşdırılmış aqreqatların ümumi gücü batareyadan asılı 435 və ya 643 at qüvvəsi təşkil edəcəkdir. 67,3, 74,5 və 93,6 kilovat-saat tutumu olan bir neçə batareya variantı da var, yürüş ehtiyatı isə, 525 ilə 708 kilometr arasında dəyişir. Modelin qiymətləri 251,9 min yuandan başlayır ki, bu da təxminən 63,8 min manat təşkil edir.
Alpha T modeli də eyni modifikasiyalara malikdir: bir mühərrikli - 218 at qüvvəsi, ikimühərrikli isə 435 at qüvvəsimə malikdir. Yürüş ehtiyatı - 480 ilə 600 kilometr arasındadır. Elektrik krossoverinin qiyməti 241,9 min yuandan (61,3 min manat) başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.