Beijing Automotive Industry Holding Co (BAIC) qrupu Daimler konserninin ikinci böyük çin səhmdarı olub. Holdinqin alman konsernindəki payı beş faizə yaxındır. Digər çin konserni olan Geely-nin banisi Li Şufu isə Daimler AG konserninin 9,69 faizlik səhminin sahibidir.
Daimler və BAIC 2003-cü ildən başlayaraq tərəfdaşlıq etsələr də, çin holdinqinin rəhbərliyi alman konsernin səs hüququna malik olan beş faizlik səhmlərini indi almaq qərarına gəlib. Öz növbəsində, Daimler BAIC Motors törəmə müəssisəsinin 9,95, həmçinin BAIC BluePark New Energy Technology şirkətinin 3,01 faizlik səhmlərinin sahibidir. Sonuncu şirkət çin bazarı üçün elektromobillərin istehsalı ilə məşğul olur.
Bundan başqa, Çində Daimler və BAIC bir neçə birgə məüssisəyə də malikdirlər. Pekində fəaliyyət göstərən Beijing Benz Automotive müəssisəsində uzunbazalı A-Class, C-Class, E-Class sedanlarının və GLA, GLC krossoverlərinin, Bejing Foton Daimler Automotive şirkətində isə kommersiya avtomobillərinin istehsalı təşkil edilib. Bundan başqa, hər iki şirkətin ümumi tədqiqatlar və işləmələr mərkəzi də mövcuddur.
Çin bazarı alman konserni üçün vacib bazarlardan biridir. Keçən il Çində 692509 Mercedes-Benz avtomobili satılıb.