Bakının küləkli, rütubətli və dəyişkən havasına qarşı ən etibarlı müttəfiq trençkotdur (ing. Trench Coat). Bu əfsanəvi geyim yalnız estetik görünüşlə deyil, həm də sərt hava şəraitinə qarşı funksional qoruyuculuğu ilə seçilir. Məhz bu xüsusiyyətlərinə görə trençkot illərdir klassik qarderobun əvəzolunmaz predmetlərindən biri olaraq qalır.
Niyə Bakı üçün idealdır?
Bakının payız və qış havasını təsvir etmək üçün bir söz kifayətdir: külək. Üstəlik, buna rütubət, dəyişkən hava və qəfil yağışlar da əlavə olunur. Trençkot isə məhz belə hava şəraiti üçün hazırlanıb.
Onun əsas üstünlükləri:
• Küləkdən yaxşı qoruyan dözümlü parça olması;
• Keyfiyyətli olduqda uzun illər istifadə edilməsı;
• Sviter, jilet, nazik gödəkcə yaxud kostyum ilə geyinmək imkanının olması;
• Həm işgüzar, həm də gündəlik geyimlə rahat uyğunlaşması.
Səhər ofisə, axşam isə şəhərdə gəzintiyə çıxırkən eyni trençkot hər iki halda yerinə düşəcək.
Səngərlərdən Dünya Modasına
Trençkotun tarixi Birinci Dünya Müharibəsinə gedib çıxır. Hətta adı da bunu göstərir: trench ingilis dilində “səngər” deməkdir. Burberry və Aquascutum kimi məşhur Britaniya markaları bu geyimi əsgərləri yağışdan, küləkdən və soyuqdan qorumaq üçün hazırlamışdılar.
1879-cu ildə Tomas Berberi tərəfindən yaradılan qabardin parça isə bu sahədə əsl inqilab etdi. O, həm suya davamlı idi, həm də “nəfəs alırdı”. Müharibədən sonra trençkot hərbi geyim olmaqdan çıxaraq Hollivud ulduzlarının və zövqlü insanların vazkeçilməz seçiminə çevrildi.
Trençkot — hərbi mənşəyə malik, suya və küləyə davamlı xüsusi parçadan hazırlanan, klassik kəmərli və zamansız siluetə malik üst geyimidir.
Klassik Trençkot detalları
Klassik trençkotun hər detalı praktiki məqsədlə hazırlanıb. Gəlin onları sizə xırdalayım.
Epaulets (paqonlar) – əvvəllər hərbi rütbəni göstərmək və çanta qayışının çiyindən sürüşməməsi üçün istifadə olunurdu.
Gun Flap (silah qapağı) trençkotların sağ döş hissəsində yerləşən əlavə parça qatıdır. Bu dizayn Birinci Dünya Müharibəsi zamanı əsgərlər üçün yaradılıb və funksiyası tüfəngin qundağını çiynə dayayarkən yaranan aşınmanın qarşısını almaq, həmçinin silahın təpməsini yumşaltmaq idi. Eyni zamanda, bu hissə yağış suyunun plaşın içinə sızmasının qarşısını alırdı.
Storm Flap (fırtına qapağı) — trençkotlarda çiyin və ya kürək nahiyəsinə əlavə edilən parça təbəqəsidir. Əsas təyinatı yağış suyunun geyimə hopmasının qarşısını almaq və suyun çiyinlərdən aşağı axıb getməsini təmin edərək bədəni quru saxlamaqdır.
Kəmər və D-şəkilli halqalar Birinci Dünya Müharibəsi zamanı əsgər və zabitlərin ləvazimatlarını (xəritə qutuları, qılınclar, su qabları və ya qumbaralar) asmaq üçün nəzərdə tutulmuşdu.
Flat Pocket – Trençkotun üzərindəki qapaqlı ciblər hərbi funksionallığa əsaslanır. Bu dizayn cibi örtərək yağış və ya qarın daxil olmasının qarşısını alır, həmçinin hərəkət zamanı vacib əşyaların düşməməsi üçün təhlükəsizlik baryeri rolunu oynayır. Müasir modada isə bu detallar geyimə vizual dərinlik qatmaqla yanaşı, trençkotun hərbi keçmişinə və funksional irsinə olan hörmətini də özündə yaşadır.
Sleeve Loops – Trençkotların qollarını tənzimlənən qayışlar soyuq hava və yağışın içəri girməsinin qarşısını alaraq funksional qoruma təmin edir, hərbi dövrlərdə isə ləvazimatları asmaq üçün istifadə olunurdu. Müasir dövrdə bu detallar həm qol uzunluğunu nizamlamağa kömək edir, həm də geyimə klassik hərbi estetik qatır.
Back Vent – plaşın arxa hissəsindəki yarıq hərəkət azadlığı təmin etmək üçün dizayn edilmişdir. Xüsusilə uzun və düz biçimli paltarlarda gəzərkən, pilləkənləri qalxarkən və ya oturarkən parçanın dartılmasının və cırılmasının qarşısını alır.
Double-breasted (iki sıra düymə) yaxalar əsasən küləkdən, yağışdan qorunmaq və klassik, eleqant görünüş yaratmaq üçün istifadə olunur. İki sıra düymə dizaynı sinə nahiyəsində üst-üstə iki qat yaradaraq sinəni sərt hava şəraitindən daha yaxşı qoruyur və ənənəvi olaraq daha rəsmi edir.
Müasir trençkotların dizaynı
Bu gün bütün bu detallar daha çox dizayn elementi kimi qalsa da, trençkota özünəməxsus xarakter verir. Lakin, bu detalları modelyer və dizaynerlər öz müasir trençkot modellərində fərqli edirlər.
Simmetriya və "Gun Flap" Yerləşimi: Ənənəvi olaraq kişilərdə "Gun Flap” sağ çiyində yerləşir. Qadın modellərində isə estetika naminə bu detal adətən sol tərəfə keçirilmişdir. Lakin müasir dizaynerlər üçün bu artıq bir məcburiyyət deyil; bir çox moda evləri uniseks və ya avanqard görünüş yaratmaq üçün bu detalı tamamilə qaldırır və ya hər iki tərəfə simmetrik şəkildə əlavə edərək dizaynı bərabərləşdirirlər.
"Storm Shield" (Kürək Qoruyucusu) və Dizayn Azadlığı: Kürəkdə yerləşən və yağışın bədənə sızmasının qarşısını alan bu parça hissəsi də müasir trençkotlarda modelyerlərin yaradıcılıq meydançasına çevrilib. Bəzi dizaynerlər onu daha uzun və ya qısa kəsir, bəziləri isə ümumiyyətlə istifadə etməyərək, trençkotun arxa hissəsində daha minimalist və təmiz xətlər yaradırlar.
Dizaynerin "İmzası": Məhz bu cüzi fərqlər – düymələrin sırası, qol manjetlərinin genişliyi, hətta "gun flap"in forması – hər bir brendin öz trençkotunu yaratmasına və onu unikal etməsinə imkan verir.
Trençkotların sırasında birbortlu (ing. single-breasted) modellərə də rast gəlinir və onların kəmərsiz variantları az deyil.
Material Seçimi Vacibdir
Trençkotun gözəl görünməsi qədər rahat olması da vacibdir. Bunun sirri isə istifadə olunan materialdadır.
Qabardin sıx toxunmuş pambıq və ya yun parçadır. Su damcıları onun üzərində qalır və parçaya hopmur. Eyni zamanda hava keçirdiyi üçün bədən rahat nəfəs alır. Bakı kimi rütubətli şəhərlərdə bu material ən uğurlu seçimlərdən hesab oluna bilər.
Texniki parçalar. Müasir modellərdə polyester və poliamid (neylon) qarışıqlı texnoloji parçalar da geniş istifadə olunur. Onların üstünlükləri: çox yüngüldür, qırışmaya qarşı, küləyə və suya daha davamlıdır, avtomobildən tez-tez istifadə edən insanlar üçün olduqca praktikdir.
Yun və kaşmir qarışıqları. Qışın daha sərt günlərində isə yun və kaşmir tərkibli trençkotlar üstünlük qazanır. Bu parçadan olan klassik trençkot görünüşünü saxlayır, amma palto kimi isti olur. Xüsusilə bej və ya tünd göy rəngli yun trençkot qış qarderobunun ən eleqant seçimlərindən biridir.
Dəri və zamşa trençkotlar son illərin dəbdəbəli seçimləri arasındadır. Xüsusilə dəri modellər qış mövsümü üçün əla istilik izolyasiyası təmin edir və küləyi qarşısını kəsir. Lakin, həm dəri, həm də zamşa Bakının rütubətli və yağışlı havasında xüsusi qayğı tələb edir. Zamşa nəmə qarşı olduqca həssasdır; bu materialdan trençkot seçərkən, onu xüsusi suqovucu (water-repellent) spreylərlə qorumaq vacibdir. Ən ideal yanaşma isə bu incə materiallı geyimləri quru və aydın havalarda geyinməkdir.
Müasir texnologiyalar təbii materialların imkanlarını daha da genişləndirib. Xüsusi kimyəvi maddələrlə emal olunan təbii parçalar, artıq su keçirməyən yüksək texnologiyalı bir qalxana çevrilir. Bu texnologiya materialın təbii nəfəs alma qabiliyyətini qorumaqla yanaşı, onu yağışlı havalara tamamilə davamlı edir.
Astar növləri
Trençkot alarkən insanlar adətən yalnız xarici parçaya baxırlar. Halbuki astar da ən az onun qədər önəmlidir. Viskoz, cupro və ya ipək qarışıqlı astarlar, geyimi rahat geyinib çıxarmağa kömək edir, paltarın bədənə yapışmasının qarşısını alır, daha uzunömürlü olur, istifadə zamanı daha komfortlu hiss yaradır.
Məhsulun maya dəyərinin aşağı salınması və daha dayanıqlı olması üçün Poliester parça astarda geniş istifadə olunur. Bilmək lazımdır ki, sintetik astarlar hava dövranını azaldır.
Kolleksiyalarda astarsız trençkot modellərinə də tez-tez rast gəlinir. Daha yüngül quruluşa malik olan bu variantlar xüsusilə mülayim hava şəraiti üçün nəzərdə tutulub; yağışlı və sərin yaz-yay axşamlarında özünü rahat və şıq hiss etmək istəyənlər üçün ideal seçimdir.
Əgər bir trençkotu müxtəlif mövsümlərdə geyinmək istəyirsinizsə, çıxarıla bilən astarlı (ing. Detachable Lining) modellərə diqqət edin. Bu tip trençkotlar həm sərin payız günlərində, həm də daha soyuq havalarda rahat istifadə olunur.
İtalyan Toxunuşu: Sprezzatura
İngilislər trençkotu yaratdı, amma italyanlar ona fərqli ruh qazandırdı. İtalyan modasında əsas anlayışlardan biri Sprezzatura adlanır. Bunun mənası çox səy göstərmədən zövqlü görünməkdir.
Məsələn, onlar trençkotun kəmərini klassik qaydada toqqa ilə bağlamaq əvəzinə, arxada və ya öndə sadə bir düyün vurmağa üstünlük verirlər. Bu sadə yanaşma geyimə daha rahat və təbii bir görünüş qazandırır. Beləliklə, məhz bu xırda toxunuşlar sprezzatura tərzinin əsasını təşkil edən müasir və qeyri-məcburi eleqantlıq yaradır.
Eyni trençkotu kostyumla rəsmi obraz, cins və snikerlə isə smart-casual üslubunda istifadə etmək mümkündür. Məhz bu universallıq trençkotu xüsusi edir.
Trençkot özəllikləri
Klassik bej, dəvə (camel), qum və xaki rənglər hər zaman dəbdədir. Bununla yanaşı, son mövsümlərdə bu tonlar da xüsusilə seçilir: tünd mavi (navy), zeytun yaşılı, torpaq tonları, qrafit boz.
Trençkotun uzunluğu da vacibdir. Sürücülər üçün qısa variant daha uyğun olur, onun uzunluğu budun ortasına kimi olur. Lakin daha estetik görünüş üçün trençkotun uzunluğu diz topuğunun ortasına qədər olması, yaxud ondan bir neçə santimetr aşağı olması daha eleqant görünüş yaradacaq.
Trençkot seçimində proporsiyaların düzgün qorunması vacibdir: uzun boylu şəxslər üçün dizdən aşağı və ya daha uzun modellər silueti balanslaşdıraraq əzəmətli bir görünüş yaradır, bəstəboy şəxslər üçün isə diz və ya dizdən bir qədər yuxarı bitən qısa variantlar boyu vizual olaraq daha uzun göstərməyə kömək edir.
Trençkot sadəcə üst geyim deyil. O, funksionallığı, rahatlığı və zərifliyi bir araya gətirən zamansız klassikadır. Bakının küləkli küçələrində, iş görüşmələrində və ya gündəlik gəzintidə sizi həm qoruyacaq, həm də daha dəbli göstərəcəkdir.
Bəzi dəb tendensiyalarının ömrü qısa olur. Trençkot isə onlardan deyil. O, onilliklərdir öz dəyərini qoruyur və görünür ki, hələ uzun illər də qarderobların ən etibarlı seçimlərindən biri olacaq.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.












