Məlum olduğu kimi, Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Neftçilər prospektinin Azneft dairəsinin “Four Seasons” otelinə baxan tərəfində asfalt qatının dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işləri səbəbindən fevralın 13-də, şənbə günü səhər saat 06:00-dan etibarən Niyazi küçəsinin bu dairədən İstiqlaliyyət küçəsinədək olan hissəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Qeyd edək ki, həmin gün həm Neftçilər prospekti, həm də İstiqlaliyyət küçəsi avtomobillərin hərəkətinə açıq olacaq. Niyazi küçəsində tətbiq olunan bu qadağa fevralın 14-ü, bazar günü səhər saatlarında aradan qaldırılacaq.

 Digər tərəfdən, fevralın 14-ü səhər saatlarından etibarən İstiqlaliyyət küçəsinin Niyazi küçəsi və Azərbaycan prospekti ilə olan kəsişmələri arasında qalan hissəsində nəqliyyatın hərəkətinə icazə verilməyəcək. Burada qoyulmuş məhdudiyyət fevralın 15-i səhər saatlarınadək davam edəcək.

 Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.