Hər bir azərbaycanlı Formula 1 azarkeşinin səbirsinliklə gözlədiyi 17 iyun tarixinə iki ay yarımdan az bir vaxt qalır. Bildiyimiz kimi, 17-19 iyun tarixlərində Bakı şəhərində Avropa Qran Prisi adı ilə Formula 1 çempionatının səkkizinci mərhələsi keşiriləcəkdir. Azərbaycanın tarixində ilk dəfə olaraq paytaxtımız belə bir mötəbər yarışa ev sahibliyi edəcəkdir. Bakı sakinlərinin də şahidi olduğu kimi, yarışın keçirələcəyi trekin tamamlama işləri tam sürətlə davam edir.
Biz isə, öz növbəsində bir məsələyə toxunmaq istərdik. Mütəxəssislərin də bildirdiyinə görə, bizim trassa şəhər trassalarının içərisində ən sürətlisi və ən maraqlı quruluşa malik olan treklərdən biridir. Bu yaxınlarda Bakıda olmuş Avropa Qran Prisinin elçisi olan ikiqat dünya çempionu Fernando Alonso da bizim trekə yüksək qiymət vermiş və maraqlı yarışın keçəcəyini bildirmişdir.
Bu bizi sevindirməyə bilməz, çünki Vətənimizdə keçiriləcək ilk Qran Prinin maraq, həyacan və ehtirasla bol olması hər birimizin arzusudur. Gələk toxunmaq istədiyimiz məqama. Əgər Bakı trassasının xəriitəsinə baxsanız 20 döngənin olduğunun şahidi ola bilərsiniz. Hər bir döngə 1-dən başlayaraq 20-yə qədər nömrələnmişdir.
Mən isə, öz tərəfimdən bu döngələrə adların verilməsini təklif edirəm. Formula 1 təqvimində olan bir çox köhnə treklərin döngələrinin müxtəlif adlarının olduğu hər bir Formula 1 azarkeşinə məlumdur və bu adların bir çoxları artıq milyonların hafizəsində həkk olunmuşdur.
Spa-Francochamps. Raidillon Eau Rouge
Bunlara misal olaraq elə Monako knyazlığının küçələrində yerləşən trekin döngələrinin adını yada salmaq olar: La Rascasse, Sainte Devote, Casino, Tabac, Mirabeau. Yaxud digər bir məşhur döngəni - Spa Francochamps trassasında olan Raidillon Eau Rouge (tərcümədə «Qırmızı Su» deməkdir) göstərmək olar.
Çox misallar çəkmək olar. Lakin, vaxtınızı bunlarla almaq fikrindən uzağam. Sözün qısası, təklif edirəm ki, bizim də trekin döngələrinə adlar verək. Mənim təklif etdiyim ideya bizim trekin döngələrinə Formula 1 təqvimində olan treklərin yerləşdiyi şəhərlərin adlarının verilməsidir.
Diqqətlə baxsaq görərik ki, bu ilin təqvimində Bakıda keçiriləcək Avropa Qran Prisi ilə yanaşı 20 mərhələ, yəni 20 trek mövcuddur. Düz bizim döngələrin sayı qədər.
Misal üçün, 1 nömrəli döngəyə «Melburn» döngəsi, iki nömrəli döngəyə «Sahir» və digər şəhərlərin adlarını vermək olar.
Monaco. Mirabeau Huate, Grand Hotel Hairpin, Mirabeau Bus
Bu variantlardan biridir. Misal üçün tanınmış şərhçi Rəhim Əliyev döngələrə Formula 1 çempionlarının adlarını verməyi təklif edir. Döngələrə yerli adları da vermək olar.
Misal üçün, ən maraqlı döngə olacaq Qoşa Qala qapısının yanında yerləşən döngəyə «Qoşa Qala», bir az sonrakı döngəyə «Ismailliyə» adını vermək olar. «Azneft», «Filarmoniya», «Prezident Aparatı», «Bulvar», «İçəri Şəhər», «Meriya» və «SOCAR» kimi adlardan da istifadə etmək olar.
«Autograph» dərgisi olaraq bizim irəli sürdüyümüz təklif budur. Ola bilsin F1 azarkeşləri də öz təkliflərini irəli sürsünlər. Təklifi olanlar Facebook sosial şəbəkəsində səhifəmizdə və yaxud elə bu mətnin sonunda yerləşən bölümdə bizim ilə fikirlərini bölüşə bilərlər.
Suzuka. «S» curves












