Ötən həftə Bakıda FİA həftəsi çərçivəsində bir sıra tədbirlər keçirildi: Beynəlxalq Avtomobil Federasiyası Baş Assambleyalarının iclasları, FIA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi, idman avtomobilləri sərgisi, caz-fusion gecəsi (Jazz Fusion Night) və əlbəttə, ilin ən mötəbər tədbirlərindən olan FIA Mükafatlandırma mərasimi (FIA Prize-Giving Ceremony)…
Təkcə bir tədbir mətbuatın diqqətindən kənarda qaldı və mən bu boşluğu doldurmaq istəyirəm. Məlumdur ki, FİA-nın fəaliyyəti təkcə idman yarışları ilə məhdudlaşmır. Bu qurum yol hərəkətinin təhlükəsizliyinə, avto-turizmin inkişafına, eləcə də klassik avtomobillərin tarix kimi qorunub saxlanılmasına böyük diqqət ayırır.
Tarixi avtomobillər sahəsində FİA-nın rəsmi tətəfdaşı 1966-cı ildən fəaliyyət göstərən Beynəlxalq Raritet Nəqliyyat Vasitələri Federasiyasıdır - qısaca FİVA. Hazırda bu qurumun 50 ölkədən milyonlarla üzvü var.
Tarixi əhəmiyyəti olan yüz minlərlə avtomobil, motosiklet, avtobus və s. FİVA- nın bayrağı altında bərpa olunur, saxlanılır, müxtəlif şoularda nümayiş etdirilir.
FİA həftəsində iştirak etmək üçün FİVA prezidenti Tiddo Bresters də Bakıya təşrif buyurmuşdu. Tədbirlərdə Gürcüstan, Çexiya, Fillipin, İran, Niderland, Almaniya və başqa ölkələrin də klassik avtomobillərini birləşdirən federasiyaların rəhbərləri iştirak edirdi.
Əlbəttə, onları FİA iclaslarından başqa ölkəmizin klassik avtomobik həvəskarları ilə görüş maraqlandırırdı. Bu baxımdan qonaqların AAF ilə sıx əməkdaşlıq edən “Vintage Garage” klubuna yollanması məntiqli idi. Qonaqları burada tarixə əsl səyahət gözləyirdi.
Klubun rəhbəri Azad Kərimovun retro geyimindən başlayaraq, bu məkanda hər şey ziyarətçiləri heytətləndirdi. Təsəvvür edin, bu muzeydə açarı burmaq yetər ki, istənilən klassik avtomobil işə düşsün. Klubun layihələrindən Ford A (1931), Horch (1942), Chevrolet Fleetmaster (1947) və başqalarını nümunə gətirmək olar.
Burada sanki tarix canlanır. “Vintage Garage” klubunun özəlliyi də elə budur, onlar tarixi yaşadır. Burada avtomobillərdən başqa işlək vəziyyətdə olan su, telefon, hətta musiqi avtomatlarına rast gəlmək olar. Bütün bu möcüzələrlə yanaşı klub rəhbəri A.Kərimovun qonaqpərvərliyi və bənzərsiz yumor hissi Bakıda FİA həftəsinin daha bir parlaq səhifəsi kimi xatirələrdə qalacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.