23 noyabr 2026-cı ildə paytaxt Bakıda Italian Design Day tədbirinin 10-cu yubiley buraxılışı keçirildi. İtaliya-Azərbaycan Biznes Forumu çərçivəsində Fairmont hotelində təşkil edilən görüş İtaliyanın Bakıdakı Səfirliyi və İtaliya Ticarət Agentliyinin (ITA) əməkdaşlığı ilə reallaşdı. Builki tədbir "Re-Design. Məkanlara, əşyalara, ideyalara və münasibətlərə yeni baxış" konsepsiyasına həsr olunmuşdu. Tədbirin əsas qonağı isə beynəlxalq dizayn dünyasının nüfuzlu simalarından biri, Salone del Mobile. Milanonun prezidenti Maria Porro idi.

Günün proqramında yer alan dəyirmi masa müzakirələri memarlıq, interyer həlləri və şəhərsalma sahələrində dəyişən yanaşmalara fokuslandı. PASHA Real Estate Group, PMD Projects, Sea Breeze Resort & Real Estate, Orange Studio, Renee Architecture & Design və Fontana Grande şirkətlərinin təmsilçiləri iştirak edərək müasir layihələrin inkişafı, estetik seçimlər və məkanların yenidən formalaşdırılması barədə fikirlərini bölüşdülər.

Maria Porro öz çıxışında Azərbaycanın İtaliya ağac emalı və mebel sektoru üçün Cənubi Qafqazın ən böyük bazarı olduğunu diqqətə çatdırdı. O, ölkəmizdə həyata keçirilən genişmiqyaslı tikinti və inkişaf layihələrinin İtaliya dizayn məktəbinin incəliyini, funksionallığını və keyfiyyət ənənələrini nümayiş etdirmək baxımından əhəmiyyətini xüsusi qeyd etdi.

Bununla yanaşı, Porro Azərbaycan mütəxəssislərini 13 aprel 2027-ci ildə keçiriləcək Salone del Mobile. Milanonun 65-ci sərgi buraxılışında iştirak etməyə çağırdı. Tədbirin yeniliklərindən biri ilk dəfə fəaliyyətə başlayacaq Salone Contract platforması olacaq. OMA studiyasının müəllifliyi ilə ərsəyə gələn bu layihə 4 500 kvadratmetrlik ərazidə təşkil ediləcək və beynəlxalq dizayn sektorunun nümayəndələri üçün yeni əməkdaşlıq imkanları yaradacaq.

Proqramın xüsusi diqqət çəkən məqamlarından biri də ali məktəb tələbələri ilə keçirilən maarifləndirici görüş idi. ADA Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri Maria Porronun təqdim etdiyi "Salone del Mobile. Milano – Connecting the Dots" mühazirəsində iştirak etdilər. O, çıxışında bildirdi ki, keyfiyyətli dizaynın təməlində ilk növbədə dinləmək, ehtiyacları anlamaq və fərqli baxışları bir araya gətirmək dayanır.

Maria Porro mühazirə zamanı Salone Satellite təşəbbüsünün də roluna toxundu. 1998-ci ildən etibarən fəaliyyət göstərən bu platforma 35 yaşadək gənc dizaynerlərə öz yaradıcılıqlarını beynəlxalq səviyyədə nümayiş etdirmək üçün geniş imkanlar təqdim edir. O, gələcək dizayner nəslinin yetişməsində universitetlərin, tələbələrin və yaradıcı müzakirələrin əhəmiyyətini xüsusi vurğuladı.

Bakıda keçirilən bu tədbir İtaliya və Azərbaycan arasında dizayn, memarlıq və kommersiya əlaqələrinin inkişafı baxımından mühüm platformaya çevrildi. Eyni zamanda, beynəlxalq təcrübənin bölüşülməsi və yerli yaradıcı sənayenin qlobal dizayn mühiti ilə inteqrasiyası üçün yeni perspektivlər açdı.

"Re-Design"ın əsas mesajı isə olduqca aydındır: dizayn yalnız məkanların görünüşünü dəyişmək deyil, həm də düşüncə tərzini yeniləmək, insanları birləşdirmək və gələcəyin əməkdaşlıqlarına zəmin hazırlamaqdır.