İtaliya Mətbəxi Həftəsinin rəsmi açılışı çərçivəsində 12 noyabr 2026-cı il tarixində, saat 11:30-da “The Ritz-Carlton Baku” hotelində media nümayəndələri, influenserlər və bloqerlər üçün mətbuat konfransı keçirildi.

Konfransda İtaliyanın Azərbaycandakı səfiri Luca Di Gianfrancesco, İtaliya Xarici Ticarət Agentliyinin (ICE) Bakı ofisinin direktoru Cecilia Oliva və şef Bob Cerea iştirak edəcəklər.

Mətbuat konfransından dərhal sonra, saat 12:00-da eyni məkanda ustad dərsi və canlı kulinariya nümayişi (Masterclass – Show Cooking) təşkil olunacaq.

Tədbirlərin proqramı noyabrın 13-də də davam edəcək. Həmin gün “The Ritz-Carlton Baku” hotelində diplomatik korpusun nümayəndələri üçün növbəti ustad dərsi keçiriləcək.

10-15 noyabr tarixlərində Bakıda XI Dünyada İtaliya Mətbəxi Həftəsi keçirilir. Bu ilki tədbir İtaliya mətbəxinin UNESCO tərəfindən mədəni irs kimi tanınmasından sonra təşkil olunan ilk buraxılış olması ilə xüsusi əhəmiyyət daşıyır.

İtaliya Səfirliyi və İtaliya Ticarət Agentliyinin (ITA) birgə təşkilatçılığı ilə keçirilən tədbir bu il “UNESCO-nun mədəni irsi kimi İtalyan mətbəxi: mükəmməllik nümunəsi olan regionlar və istehsal zəncirləri” mövzusuna həsr olunub.

İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin təşəbbüsü ilə hər il təşkil edilən bu beynəlxalq layihənin əsas məqsədi İtaliyanın zəngin kulinariya ənənələrini, regional mətbəx xüsusiyyətlərini və yüksək keyfiyyətli ərzaq məhsullarını beynəlxalq auditoriyaya tanıtmaqdır. Tədbir eyni zamanda “Made in Italy” brendinin təşviqinə və İtaliya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.

Bakıda məşhur Michelin ulduzlu şefin iştirakı

Bu ilki proqramın diqqətçəkən qonaqlarından biri İtaliya mətbəxinin dünyaca məşhur nümayəndələrindən olan şef Bob Cerea olacaq. O, Berqamo şəhərində yerləşən və üç Michelin ulduzuna layiq görülmüş “Da Vittorio” restoranının şefidir.

Şef Bob Cereanın iştirakı ilə keçiriləcək ustad dərslərində iştirakçılar İtaliya mətbəxinin incəlikləri, ənənəvi reseptləri və müasir kulinariya yanaşmaları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.

İtaliya mətbəxinin zənginliyi təqdim olunacaq

Həftə çərçivəsində İtaliya mətbəxinin regional xüsusiyyətlərini, ənənəvi məhsullarını və “Made in Italy” brendini tanıtmaq məqsədilə iki xüsusi şam yeməyinin təşkili də nəzərdə tutulub.

Dövlət qurumlarının nümayəndələri, diplomatik korpusun təmsilçiləri, eləcə də iqtisadi və kommersiya sahəsində fəaliyyət göstərən şəxslər üçün təşkil ediləcək bu tədbirlər İtaliya qastronomiyasının zənginliyini nümayiş etdirməklə yanaşı, yeni əməkdaşlıq imkanlarının yaranmasına da şərait yaradacaq.

XI Dünyada İtaliya Mətbəxi Həftəsi Bakıda İtaliyanın yalnız qastronomik ənənələrini deyil, həm də mədəni irsini, regional müxtəlifliyini və keyfiyyətə əsaslanan istehsal fəlsəfəsini təqdim edən mühüm beynəlxalq platforma kimi çıxış edir.