Rusiyanın büdcə avtomobilləri istehsalçısı olan АвтоВАЗ şirkəti bu il iki yeni modelin təqdimatını keçirmişdir. Bunlardan ilki Lada Vesta sedanıdır. Avtomobil rus istehsalçısının özünün işləyib-hazırladığı Lada B/C platforması istifadə olunmaqla buraxılır. Lada Vesta 1,6-litrlik 106 at qüvvəsi gücü olan benzin mühərriki və 5-pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilir. Bundan əlavə yeni avtomobil AMT adlanan robotlaşdırılmış sürətlər qutusu ilə də çatdırıla bilər. Avtomobilin Rusiya və Belarus dövlətlərində artıq rəsmi satışlarına start verilmişdir.
Avtomobilin Classic adlanan baza variantı 514000 rus rubluna (11150 AZN) təklif edilir. Bu avtomobilin təchizatına sürücünün təhlükəsizlik yastığı, qəfil əylənmə zamanı yardım funksiyalı antiblok sistemi (ABS+BAS), əyləc gücünün paylanması sistemi (EBD), stabilliyə nəzarət sistemi (ESC), yerində fırlanma əleyhinə sistem (TCS), yoxuşda starta kömək sistemi (HSA), ЭРА-Глонасс təcili xəbərdarlıq sistemi, iki istiqamətdə tənzimlənən sükan, qatlanan açarlı uzaqdan idarə olunan mərkəzi kilid sistemi və bort-kompyüter daxildir.
Classic variantının təchizatı, tərkibinə kondisioner, sərnişinin təhlükəsizlik yastığı və sərinləşdirilən əlcək yeşiyi daxil olan Start dəsti ilə genişləndirilə bilər. Bu dəstin qiyməti 30000 rubl (650 AZN) təşkil edir. Bundan başqa, avtomobili Comfort və Luxe variantlarında da sifariş etmək olar.
Artıq avtomobil Rusiya və Belarusdan olan jurnalistlər tərəfindən sınaqdan keçirilmişdir. Belaruslu jurnalistlər Yevgeniy Dudarev və Pavel Muraşko Lada Vesta’nın Hyundai Accent (Rusiyada Solaris adı ilə satılan) ilə müqayisəli testlərini aparmışlar. Sınaqların nəticəsini əks etdirən Test-drive TV kanalının süjetini nəzərinizə təqdim edirik.
Fotoşəkil: Pavel Muraşko