Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton bu mövsümdəki beşinci qələdəsini Belçika Qran Prisində qazanıb.

Startdan sonrakı Les Combes döngəsində Həmilton asanlıqla Fettelin hücumunu dəf edib. Arxada da dəyişiklik baş verməyib: Valtteri Bottas Kimi Rəykkonenin, Maks Ferstappen isə Daniel Rikkardonun önündə qalmağı bacarıb. Yarışın startı Spa üçün ənənəvi olan qəzalarsız ötüşüb.

Yeganə təhlükəli an Force India pilotları Serxio Peres və Esteban Okon arasında yaşanıb - meksikalı faktiki olaraq fransız pilotu divara yapışdırıb. Lakin, Serxio istədiyinə nail ola bilməyib - Esteban onu ötməyə müvəffəq olub. Qeyd edək ki, bu iki komanda yoldaşı arasında baş verən sonuncu insident olmayıb.

İlk dövrələrdə ən gərgin mübarizə Fernando Alonso ilə Niko Hülkenberq arasında yeddinci yer uğrunda gedən mübarizə olub. İspan və alman pilot bir neçə dəfə mövqe dəyişdirsələr də, ikiqat dünya çempionunun davam gətirməyəcəyi məlum idi. Honda mühərrikinin gücünün çatmaması üzündən ispan pilot nəinki Nikonu, hətta hər iki Force İndia pilotunu və Romen Qrojanı da irəli buraxmaq məcburiyyətində qalıb.

Liderlər qrupunda isə vəziyyət tamamilə stabil vəziyyətə gəlib - Həmilton Fettellə fərqi 1.8 saniyəyə çatdırıb.

Öz növbəsində Sebastyan Valtteri ilə olan fərqi beş saniyəyə çıxarıb. Səkkizinci dövrədə yerli azarkeşlərin sevimlisi olan Ferstappenin bolidi qəflətən yavaşlayıb və hollandiyalı Eau Rouge döngəsindən sonra avtomobilini kənara çəkərək dayandırıb. 

İlk pit-stoplar dalğasını 12-ci dövrədə Həmilton açıb. Ondan bir dövrə sonra Bottas pit-stopa girib. Növbəti iki dövrə ərzində isə Fettel və Rəykkonen pit-stopa yollanıblar. Ferrari strateqlərinin gec pit-stop taktikası işə yarayıb - Sebastyan pit-stopdan Həmiltonun arxasında DRS zonasında çıxıb. Kimi isə, pit-stopdan sonra sarı bayraq rejiminə əməl etmədiyi üçün 10 saniyəlik Stop&Go cəriməsi alıb və bunun nəticəsində səkkizinci yerə düşüb.

Qeyd etmək lazımdır ki, hər dörd pilot Soft təkərlərinə üstünlük veriblər.

İki lider arasında demək olar ki, mübarizə olmayıb - sürətli treklərdə cüzi də olsa da Mercedes bolidlərinin üstünlüyə malik olması alman pilotu britaniyalıya hücum etmək şansı verməyib. Lyuis isə səhvsiz pilotaj göstərərək rəqibinə imkan yaratmayıb.

Yarışın həll edici anı 30-cu dövrədə baş verib - iki Force İndia pilotu yenə də kəllə-kəlləyə gəliblər.

Peresin növbəti hoqqabazlığından sonra Okonun bolidinin ön qanadı qırılıb, Serxio isə təkərinin partlaması ilə üzləşib. Qırıntıların yığışdırılması üçün yarışın rəhbərliyi təhlükəsizlik avtomobilini trekə buraxıb. Çox güman ki, yarışdan sonra hindlilərin motorhoumunda gərgin anlar yaşanıb. Maylanderin liderliyi ələ alması ilə ikinci pit-stop etməli olan pilotlar təkərlərini dəyişməyə yollanıblar. Mercedes pilotları Soft təkərlərində qalsalar da, Ferrari pilotları UltraSoft təkərlərinə üstünlük veriblər. Daniel Rikkardo da eyni təkəri seçib.

Hər kəs restartda nələrin baş verəcəyini səbirsizliklə gözləyirdi. Yarışın bitməsinə doqquz dövrə qalmış restart verilib. 

Fettel restartda Həmiltona hücum edə bilməyib - yəqin ki Bakıdakı hadisə alman pilotu bir qədər ehtiyatlı davranmağa məcbur edib. Bunun əksinə, Bottas eyni zamanda Rəykkonen və Rikkardonu irəli buraxıb. Rikkardo hər iki fin pilotu keçərək üçüncülüyə yüksəlib. Bununla da podiumun taleyi həll olunub.  Həmilton tempi artıraraq Fettel ilə arasını iki saniyənin üzərinə çıxarıb. Gözlənilənlərin əksinə olaraq Rəykkonen Rikkardoya yaxınlaşa bilməyib.  Üstəlik avstraliyalı fin pilotla olan fərqi 3,6 saniyəyə artırıb və podiumun son pilləsinə qalxıb.

Yəqin ki, Rikkardo Bakıdakı qələbəsinin daha qiymətli olduğunu etiraf etdikdən sonra idman tanrıları tərəfindən bağışlanıb. 

İlk beşliyin arxasında finiş görən pilot Niko Hülkenberq olub. Romen Qrojan da Haas komandasına növbəti xallarını gətirib.  İlk onluğu tamamlayan pilotlar Massa, Okon və Sayns olublar. Damalı bayrağı 16 pilot görüb. Peres və Ferastappenlə birlikdə yarışı tərk edən pilotlar yarışın ortasında qaraja qayıdan Alonso və başlanğıcında texniki problemlə üzləşən Paskal Verlyayn olublar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt