Bentley şirkəti 2024-cü ildə unikal 6,0-litrlik W12 mühərrikin istehsalına son verəcəkdir. Volkswagen konserninin orijinal məhsulu olan W12 mühərriki ilə vidalaşacağı barədə şayiələr hələ 2020-ci ildə peyda olmuşdular.

İlk dəfə 20 il bundan əvvəl təqdim edilən bu aqreqat Audi A8 sedanında və demək olar ki, bütün Bentley model xəttində quraşdırılıb və bəzi modifikasiyalarla da olsa, bu günə qədər gəlib çatıb. Bununla belə, gələn il W12 mühərriki Volkswagen konserni və onun tərkibinə daxil olan markaların elektrikləşdirməsi strategiyasının qurbanı olacaqdır.

6,0-litrlik W12 mühərriki 2024-cü ilin aprelində Böyük Britaniyanın Kryu şəhərindəki zavodun konveyer xəttindən çıxarılacaqdır. Belə mühərriklə (özü də ən güclü versiyada) buraxılan ən son model 2022-ci ilin yayında debüt edən Bentley Mulliner Batur qrand tureri olacaqdır.

Xatırladaq ki, eksklüziv kupe yeni giriş sistemi, təkmilləşdirilmiş turbokompressorlar, yeni interkulerlər və proqram təminatı yenilənmiş idarəetmə bloku ilə təchiz edilmiş təkmilləşdirilmiş W12 mühərrikini alıb. Nəticədə 6,0-litrlik həcmindən 740 at qüvvəsini almaq mümkün olub.

Bununla belə, W12 mühərriki ilə təchiz edilmiş sonuncu avtomobili almaq mümkün olmayacaqdır: Bentley Batur modelinin 18 nüsxədən ibarət olan bütün tirajı artıq satılıb. Üstəlik, 12-silindrli aqreqatın quraşdırıldığı digər avtomobillər də sürətlə tükənir. Buna misal kimi, Flying Spur sedanını göstərmək olar.

“Car and Driver” nəşrinin bildirdiyinə görə, W12 mühərrikini V6 və V8 mühərriklərinə əsaslanan hibrid güc qurğuları ilə əvəzləyəcəklər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

2025-ci ildə Bentley xüsusi olaraq elektromobillər üçün nəzərdə tutulmuş yeni platformanı, həmçinin batareyaların doldurulması üçün rahat həlli təqdim edəcəkdir. Bir il sonra, 2026-cı ildə brendin bütün modelləri müəyyən qədər elektrikləşdiriləcəklər: başqa sözlə, şirkət yalnız hibrid və elektromobilləri istehsal edib satacaqdır.

2030-cu ildə daxili yanma mühərriklərinin dövrü başa çatacaq və bütün model xətt tamamilə elektrik ötürməsinə keçəcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.