«Car and Driver» nəşrinin verdiyi xəbərə əsasən, Bentley şirkət 6,75-litrlik iki turbokompressorlu səkkiz silindirli mühərrikdən imtina etmək fikrindədir. Bu barədə məlumatı nəşrə Britaniya istehsalçısının rəhbəri Volfqanq Dürhaymer vermişdir. Onun sözlərinə görə, hazırki Mulsanne modeli 6,75-litrlik mühərrik üçün sonuncu «mənzil» olacaqdır. Bentley şirkətinin yüksək vəzifəli rəhbəri bayraqdar sedanın növbəti nəslinin on iki silindirli mühərriklə təchiz ediləcəyini bildirmişdir. Bununla belə, Dürhaymer yeni mühərrik haqqında məlumat verməkdən imtina etmişdir.
Bentley L Series silsiləsindən olan səkkiz silindirli mühərriki artıq 57 ildir ki istifadə edilir. 1959-cu ildə işıq üzü görmüş orijinal mühərrik 6,2 litr iş həcminə və iki karbüratora malik idi. Bu mühərrik Bentley S2 və Rolls-Royce Silver Cloud II modellərində debüt etmişdir. Sonradan mühərrik dəfələrlə təkmilləşdirilmişdir - bir neçə dəfə silindirlər başlığı tamamilə dəyişdirilmiş, 1983-cü ildən sonra isə mühərrikdə turbokompressorlar tətbiq edilməyə başlanmışdır.
Hazırki Bentley Mulsanne modelində quraşdırılmış 6,75-litrlik mühərrik 512 at qüvvəsi və 1020 Nm fırlanma anı təklif edir. «Bərkgedən» Mulsanne Speed modifikasiyasında bu mühərrik 537 at qüvvəsinə və 1100 Nm fırlanma anına malikdir.
Güc aqreqatı ZF firmasının səkkiz pilləli avtomatik sürətlər qutusu ilə birgə çalışır. Bentley Mulsanne Speed modeli 100 km/saat həddinə 4,9 saniyəyə toplayır və 305 km/saat maksimal sürətə malikdir.
Bentley Mulsanne bayraqdar modeli sonuncu dəfə 2016-cı ildə yenilənmişdir. Sedan təkmilləşdirilmiş sükan sistemini və yenilənmiş pnevmatik asqı sistemini əldə etmişdir.
Bundan əlavə, avtomobilin uzun bazalı modifikasiyası da təqdim edilmişdir. Növbəti nəsil Mulsanne sedanının 5 ildən sonra təqdim ediləcəyi ehtimal olunur.