Bentley Mulliner bölməsi ilk Blower Continuation prototipinin yığılmasını başa çatdırıb. Car Zero adlandırılan avtomobil, dözümlülük və maksimal sürətlə hərəkət sınaqları üçün nəzərdə tutulmuşdur. Onun ardınca, müştərilər üçün nəzərdə tutulan 12 avtomobil yığılacaqdır. Məlum məsələdir ki, onların hamısı artıq satılıbdır.
Bentley Blower, 4½ Litr modelinin (1927-1931) ötürməli Roots kompressoru təchiz edilmiş versiyasıdır. Bu modelin aktivində böyük idman qələbələri və bir neçə dünya rekordu var. Məsələn, Blower No.1 Monoposto modeli 1932-ci ildə Brooklands trekində 222 km/saata qədər sürətlənib. Cəmi 55 belə avtomobil istehsal edilmişdir. İndi isə, onlara 1920-ci illərdəki qurğulardan və ən son istehsal texnologiyalarından istifadə edilərək, orijinal çertyojlara uyğun olaraq yaradılmış Team Blower modelinin 12 dəqiq surəti əlavə olunacaqdır.
Yeni avtomobillərin hazırlanması üçün, nümunə kimi, Bentley şirkətinə məxsus olan və ser Henry Birkinin idarə etdiyi HB 3403 nömrəli şassi götürülüb. Avtomobil tamamilə sökülüb, hər bir detal 3D lazer skanerdən istifadə edilərək rəqəmsallaşdırılıb və virtual CAD modeli yığılıb.
Dizaynın hazırlanması və Car Zero prototipinin yığılmasına 40 min saat sərf edilib. Prototip fərdi şəkildə layihələndirilmiş və əllə hazırlanmış 1.846 hissədən ibarətdir. Bunlardan 230 ədədi, Amherst Villiers Mk IV kompressoru, alüminium porşenləri, silindr başına dörd klapanı və maqnezium ərintisindən hazırlanmış karteri olan 4.4-litrlik 16-klapanlı dödsilindrli mühərrik kimi hazır yığılma məmulatlardır.
Bentley şirkəti müharibədən əvvəlki modelin surətini hazırlamaq üçün, Britaniyanın hər tərəfindən çoxsaylı mütəxəssisləri cəlb edib. Məsələn, şassi əvvəllər buxar lokomotivləri üçün qazan istehsal edən, Derbi şəhərindəki Israel Newton & Sons şirkəti tərəfindən hazırlanmışdır.
Şassini hazırlamaq üçün isti pərçimlənmə ilə birləşdirilən qalın lövhəli poladdan istifadə edilib. Mis və poladdan hazırlanan yanacaq çəni, habelə mis-nikel-sink xəlitəsindən hazırlanan radiator barmaqlığı Vintage Car Radiator şirkətində əllə yığılıb. Vintage Headlamp Restoration International ailə şirkəti orijinal spesifikasiya əsasında Blower modelinin fənərlərini, Jones Springs firması isə ressorları istehsal edib.
Yeni-köhnə Bentley Blower modelinin kuzovu, Lomax Coachbuilders firmasının göyrüş ağacından hazırlanmış və 25 metrlik Rexine dərisinə bükülmüş çərçivəsinə əsaslanır. Car Zero prototipi qırmızı Bridge of Weir dərisi ilə üzlənmiş salona və parlaq qara rəngli kuzova malikdir.
Orijinal avtomobildə olduğu kimi, oturacaqların içi 10 kiloqramlıq at tükü ilə doludurulub. Blower modeli səkkiz min kilometrlik resurs sınaqlarına yollanacaqdır ki, bu da adi istismar şəraitində 35 min kilometrə bərabərdir. Proqrama maksimal sürətlə hərəkət və dözümlülük sınaqları, habelə məşhur "Paris - Pekin" və Mille Miglia yarışlarının simulyasiyası daxildir:.
Bununla belə, "davam edən" Bentley Blower seriyasının buraxılması bir çoxlarının ürəyincə deyil. Tərkibinə məşhur modelyer Ralf Loran və JCB şirkətinin direktorlar şurasının sədri Əntoni Bamfordun da daxil olduğu bir qrup nüfuzlu Bentley sahibləri və marka həvəskarları, şirkətin rəhbəri Ədrian Hollmarkdan belə avtomobillərin buraxılmasının məntiqi barədə bir daha düşünməyi xahiş ediblər. Müraciətin müəlliflərinə görə, "orijinal kopyaları" buraxmağa qərar verən istehsalçı həqiqət və xülya arasındakı sərhədi pozur, kolleksiya avtomobilləri isə "dəyəri və cazibələrini itirirlər".