Britaniyanın dəbdəbəli avtomobillər istehsalçısı kimi məşhurlaşan Bentley şirkətinin avtomobilləri insanlar tərəfindən hər zaman böyük maraqla qarşılanır. Özü də ölkədən asılı olmayaraq. Bir sıra ölkələrin şəhərlərində Bentley avtomobillərinə nadir rast gəlinsə də, paytaxtımız haqqında bunu demək mümkün deyildir. Autograph dərgisinin bu günlərdə qonağı olmuş Bentley Bentayga modeli də bakılıların diqqətini cəlb etməyə müvəffəq olmuşdur.

Bentley şirkətinin krossover istehsal etmək planlarının olduğu dörd il bundan öncə bəlli olmuşdu. Britaniya şirkəti krossoverlərə olan baxışını 2012-ci ildə Cenevrə avtosalonunda nümayiş etdirilən EXP 9F konsepti ilə göstərmiş oldu. Lakin, təqdim edilmiş konseptin xarici görkəmi bir çoxlarının ürəyincə olmadı. Mətbuatda çıxan çoxsaylı mənfi rəylər Bentley şirkətinin rəhbərliyini layihəni tamamilə yeni komandaya həvalə etməyə məcbur etdi.

Hesab edirəm ki, bu vaxtında atılmış və düzgün bir addım idi. Budur, Bentley markasının ilk krossoveri və dünyada yeganə lyuks seqmentindən olan Bentayga krossoveri  Britaniya markasının Azərbaycandakı rəsmi nümayəndəsi Bentley Bakı Mərkəzi tərəfindən sərəncamımıza verilmişdir.  

Xatırlatmaq istərdim ki, Bentley Bentayga modelinin seriya variantının geniş kütlə qarşısındakı ilk nümayişi keçən ilin payızında keçirilmiş Frankfurt avtosalonunda baş tutmuşdur. Krossover öz adını Kanar arxipelaqındakı Qran-Kanariya adasındakı Bentayga qayalarından almışdır. Digər tərəfdən avtomobilin ismindəki "tayqa" kəlməsi onun yolsuzluq imkanlarına da işarə vurur. 

301 km/saat? Problemsiz!

Həqiqətən də, diqqət yetirsəniz, test etdiyimiz avtomobilin idarəetmə rejimlərinə cavabdeh olan "Bentley Drive Dynamics" sisteminin selektorunun ətrafında səkkiz rejimin adının yazıldığını görərsiniz.  Doğrudur, Bentley Drive Dynamics  standart olaraq dörd rejimlə təklif edilir: bunlar "Sport", "Bentley", "Comfort" və "Custom" rejimləridir ki, sonuncu "Custom" rejimi avtomobilin hərəkət xarakteristikalarını sürücünün arzusuna uyğun tənzimləməyə imkan verir. Digər üç rejimdən ikisi, adlarından da göründüyü kimi, Bentayga'nı əzələ nümayiş etdirən "idmançıya" və ya sakit tərzdə qürurla yeriyən "lorda" çevirməyə hazırdılar.

"Bentley" rejimi isə, praktiki olaraq avtomatik rejimdir ki, sistem yol səthinə və şəraitinə uyğun olaraq krossoverin xarakterini dəyişə bilər. Bizim test etdiyimiz Bentayga opsional, yəni əlavə ödənişlə quraşdırılan "All terrain specification" sistemi ilə təchiz edilmişdir ki, adından da göründüyü kimi, bu sistem qeyri-sabit hava və yolsuzluq şəraitində avtomobili idarə etməyə yardım edir. Dörd sistemdən hər biri konkret şəraitə uyğun olaraq köklənmişdir - qar və çəmənlikdə, palçıq və çınqıllı yollarda, palçıq və yol izinə malik olan yerlərdə və nəhayət səhrada bu rejimlər sürücünün köməyinə gələcəkdir.

Ən maraqlısı da odur ki, bu rejimləri seçdikcə multimedia sisteminin ekranındakı avtomobilin təkərlərinin altındakı yol da şəraitə uyğun görüntülənir. Bundan əlavə, monitorda avtomobilin klirensi, sürüş rejimi, köndələn və uzununa doğru əyilmələr, asqı haqqında məlumat, təkərlərin dönmə bucağı, kompas azimutu və dəniz səviyyəsindən yüksəklik haqqında məlumatlar əks etdirilir.

Elektromexaniki stabilizatorlar sayəsində kuzovun yanaəyilmələri minimuma endirilmişdir

Bildiyimiz kimi, Bentayqa 6,0-litrlik həcmi olan W12 turbomühərriki ilə təchiz edilmişdir. Qeyd etmək lazımdır ki, bu mühərrik 2002-ci ildə işıq üzü görmüş mühərrikin tamamilə yenilənmiş variantıdır. Yeni W12 güc aqreqatı ilk dəfə olaraq ikili çiləmə sistemi ilə təchiz edilmişdir ki, bunlar bölüşdürülən (aşağı təzyiqli) və birbaşa (yüksək təzyiqli) çiləmə sistemləridir. Adı çəkilən sistemlər mühərrikin hamar işini təmin edir, güc və fırlanma anını optimallaşdırmağa xidmət göstərir.

Əlbəttə ki, bu sistemlər sayəsində yüksək qənaətcilliyə və zərərli tullantıların azaldılmasına yardım edir. İstehsalçı qarışıq rejimdə Bentayga'nın 12,8 litr sərf etdiyini, şəhərdə isə bu rəqəmin 19,2 litrə bərabər olduğunu bildirir. Zənnimcə, Bentley Bentayga almaq istəyən şəxsin maraqlandığı ən son məlumatın onun yanacaq sərfiyyatı haqqında məlumat olmalıdır. Bundan əlavə, mühərrik "twin-scroll" texnologiyalı iki turbokompressorla, start/stop sistemi və mühərrikin iki kontrolleri vasitəsi ilə silindirlərin bir hissəsinin deaktiv edilməsi sistemi ilə təchiz edilmişdir. Yeni mühərrik 608 at qüvvəsinə və 900 Nm fırlanma anına malikdir və 8-pilləli ZF avtomatik sürətlər qutusu ilə birgə çalışır. Fırlanma anının 1250 - 4500 dövr/dəqiqə kimi geniş diapazonda əlçatan olması sayəsində krossover yüksək dinamik xüsusiyyətlərə malikdir.

Bentayga 100 km/saat həddinə 4,1 saniyəyə sürətlənir və 301 km/saat maksimal sürətə malikdir. Bu günə Bentayga dünyada mövcud olan ən sürətli seriya krossoveridir.

Bentayga "şahə qalxan" köhlən ata bənzəyir

Həqiqətən də, Bentley Bentayga dünyanın ən sürətli krossoveri olduğunu elə yerindən götürüləndə göstərir – “Sport” rejimində akselerator pedalını qəfil döşəməyə “möhürlənməsi” krossoverin "şahə qalxması" ilə nəticələnir. Yeri gəlmişkən, Bentayga, mühərrikin fırlanma anını 40:60 nisbətində oxlara göndərən və mərkəzi Torsen differensialına malik olan tam çəkiş sistemi ilə təchiz edilmişdir. Buna baxmayaraq sistem istənilən an mühərrikin fırlanma anını oxlardan birinə göndərə bilər ki, qəfil sürətlənmə zamanı avtomobilin arxa hissəsinin yerə yatması və ön tərəfinin yuxarı qlxması buna əyani sübutdur. Ümumiyyətlə, avtomobilin sürətlənməsi heyranedicidir - 60 km/saat sürətində akseleratorun basılması ilə irəliyə güclü sıçrayış baş verir və bu sıçrayış 12-silindirli mühərrikin möhtəşəm səsi ilə müşayət olunur.

Digər tərəfdən, dünyanın ən sürətli krossoverinin onun yüksək dinamik xarakteristikalarına uyğun olan əyləc sisteminə malik olması vacib amillərdən biridir. Bir qədər qəribə görünsə də Bentayga yalnız havalandırmalı metal əyləc diskləri ilə təchiz edilir: öndə 400 millimetrlik, arxada isə 380 millimetrlik sadə diskləri müşahidə etmək olar. Hərçənd ki, belə bir güclü və sürətli krossoverdə  "bərkgedən" avtomobillərə xas olan karbon-saxsıdan hazırlanmış  əyləc mexanizmlərini görməyi ümid edirsən. 

Dönmə işıqlarının haşiyələndirdiyi halqa fənərlərin yuyucusudur

Gələcək sahibinin Bentayga'nı idarə etməkdən zövq alacağı danılmazdır. Bildiyimiz kimi, Bentley Bentayga modelinin əsasını Volkswagen Group'a məxsus olan MLB modul platforması təşkil edir. Xatırladaq ki, bu platformada bir müddət bundan əvvəl testlərini keçirdiyimiz Audi Q7 modelinin ikinci nəsli istehsal edilir.

Bu səbəbdən də avtomobillərin gedişində müəyyən bənzərliklər olsa da, Bentayga daha çox “idmançı” xarakteri  ilə seçilir. Bentayga modeli Q7'yə nisbətən daha sərt xarkteristikaları olan asqı sisteminə malikdir və idarəetmədən həzz almaq üçün köklənmişdir. Hətta, qeyd edərdim ki, Bentayga "Comfort" rejimində belə Audi Q7'nın "Dynamic" rejimində olduğundan daha sərt xarakteristikalara malikdir.

Üstəlik Bentley tərəfindən kuzovun yana əyilmələrinin qarşısını alan 48 voltluq Bentley Dynamic Ride elektron-stabilizasiya sistemi və elektrik gücləndiricisi olan sükan sistemi (EPAS) avtomobili daha çevik etməyə imkan verir. Qeyd etmək lazımdır ki, Bentley Dynamic Ride sistemi sürücünü avtomobillə döngələri daha yüksək sürətlə qət etməyə sövq etsədə, sonunda Bentayga’nın yüksək ağırlıq mərkəzinə və 2,4 tonluq çəkiyə malik olan bir krossover olduğunu unutmamaq gərəkdir.

İstənilən halda, pnevmatik asqısı sayəsində Bentayga sərnişinlərini yüksək rahatlıqla təmin etmək iqtidarındadır. Özü də bu pnevmatik sistem avtomobilin klirensini dörd səviyyədə tənzimləməyə imkan verir. 

Rombşəkilli tikişlər və Bentley loqoları - dəbdəbənin nişanələridir

Testlərə başlayan zaman, mən öncə arxa sərnişinlərin özlərini necə hiss etdiyini araşdırmaq qərarına gəldim. İlk növbədə arxa cərgədəki genişliyi qeyd etmək istərdim. Ön oturacağın tam arxaya çəkilməsi halında belə sərnişinin ayaq zonasında bolluca məkan qalır. Bentayqa’nın arxa oturacaqları sərnişini kifayət qədər yan dəstəklə təmin edir. Bizim test avtomobilinin arxa oturacaqları üç sərnişinin rahatlıqla səyahət etməsini təmin edir. Bununla belə, Bentley şirkəti müştərilərinə, komfort və dəstəyinə görə ön oturacaqlara bərabər olan, fərdi arxa kreslolar da təklif edir. Bu oturacaqları 16 istiqamətdə tənzimləmək mümkündür. Söhbət ön oturacaqlardan düşmüşkən onların geniş tənzimləmələr diapazonuna – 22 istiqamətdə tənzimləmə imkanına malik olduğunu qeyd etmək lazımdır.

Əlbəttə ki, belə bir avtomobildə sürücü üçün hər bir şərait yaradılmışdır. Erqonomik cəhətdən Bentayga sahibinə istənilən funksiyalara anında müdaxilə etmək imkanı verir. Eyni zamanda, müasir idarəetmə orqanları yalnız Britaniyadan olan dəbdəbəli avtomobillərə xas olan klassik düymələrlə qonşuluq edir.

Buna misal olaraq havalandırma sisteminin deflektorlarını və onları açıb-bağlayan dəstəkləri göstərmək olar. 

Sükan çarxına baxdıqca baxmaq istəyirsən

Qeyd etmək lazımdır ki, sürücünün məlumatlandırılması çox yüksək səviyyədə təşkil edilmişdir: məlumat - əyləncə sisteminin 8-düymlük sensorlu ekranında lazım olan məlumatı asanlıqla çıxartmaq olar. Multimedia sistemi barədə danışanda test etdiyimiz avtomobilin təchizatına daxil olan “Bentley Signature Audio” səs sistemini qeyd etməmək mümkün deyildir.

Əgər bu səs sistemi sizi qane etməz isə, onda 18 dinamiki və 1950 vatt gücü olan “Naim for Bentley Premium Audio” səs sistemini seçmək də olar.Testində iştirak etdiyimiz Bentayga həmçinin, məlumatı ön şüşəyə proeksiya sistemi ilə də təchiz edilmişdir. Əlverişli bir sistemdir, lakin gün eynəyi taxdığda proyeksiya edilən rəqəmləri görmək bir qədər çətin olur.

Bentley mütəxəssisləri arxa sərnişinlərin əyləncəsi barədə də düşünmüşdürlər - bizim test avtomobilində olmasa da, opsional olaraq qabaq oturacaqların arxa hissəsinə bərkidilən 10,2 düymlük planşetləri də sifariş etmək olar. 

Arxa oturacaqlarda genişlik istənilən qədərdir

Bentley Bentayga modeli britaniya markasının bütün avtomobillərinə xas olan tanış cizgiləri daşıyır. Hətta avtomobil dünyası ilə az maraqlanan hər bir insan, klassik radiator barmaqlığını və qoşa fənərləri görən zaman qarşısında Bentley markasına mənsub olan avtomobilin dayandığından əmin olacaqdır. Digər bir tanınan element avtomobilin güc imkanlardan xəbər verən arxa qanadların formasıdır. Qeyd etmək lazımdır ki, öndən krossover daha çox Continental modelini xatırladır və bunu arxa hissənin dizaynına da şamil etmək mümkündür.

Bentley Bentayga modelinin maraqlı dizayn elementlərindən biri onun dönmə işıqlarıdır ki, onların haşiyələndirdiyi halqalar eyni zamanda ön fənərlərin yuyucularıdır. Krossoverin cəlbedici görkəmə malik olmasında beş qollu 22-düymlük təkər disklərinin də xüsusi payı vardır. Qeyd etmək lazımdır ki, bu Bentayga modelinə quraşdırılan ən iri disklərdir.Bentley markasına mənsub olan interyer cizgilərini Bentayga’nın salonunda da müşahidə etmək mümkündür. Bentayga’nın ön paneli bir qapıdan digər qapıya qədər uzanan “iki qanad” motivində tərtib edilmişdir. Bu motiv markanın emblemində də öz əksini tapmışdır. Məlum məsələdir ki, krossoverin salonuna daxil olduqda o dəqiqə bu markanın vizit kartına çevrilmiş dəbdəbəli məkana düşürsən.

Yüksək kefiyyətli Newmarket Tan (qəhvəyi) və Burnt Oak (tünd-qəhvəyi) rəngli dərilər ilə üzlənmiş interyer, tündləşdirilmiş qoz ağacından olan işləmələrlə və metaldan olan elementlərlə bəzədilmişdir. Avtomobilin interyerindəki cazibədar və gözə oxşayan elementlər istənilən qədərdir - misal üçün, Bentayga modleinin sükanını daima seyr etmək istəyirsən.  Sükan çarxı da iki rəngli dəri ilə örtülmüş və çox cazibədar dizayna malikdir.  Ümumiyyətlə, Bentayga'nın interyerində ucuz materialdan hazırlanmış hər hansı elementi tapmaq qeyri-mümkün – britaniyalı mütəxəssislər baxışların toxunmadığı məkanlar belə dəri ilə üzlənmişdirlər. 

OFFICIAL VIDEO***

Məlum məsələdir ki, qiyməti 300 min avro olan avtomobil ən müasir və yüksək texnologiyalı sistemlərlə təchiz edilir. Bütün Bentley Bentayga modellərinin standart təchizatına damın 60 faizini tutan panoram şüşə tavan daxildir.  Bentayga W12 krossoverinin standart təchizatına “Mulliner Driving” eksklyuziv dəsti daxildir ki, bu dəstin tərkibinə 21-düymlük təkər diskləri, oturcaqların və qapı panellərinin rombşəkilli tikilişi, oturacaqların kürək hissəsində sapla tikilmiş Bentley emblemi, dəlikli idman pedalları və yanacaq çətinin zərgər tərtibatlı qapağı daxildir. Bundan başqa, avtomobil çoxlu sayda aktiv və passiv təhlükəsizlik və sürücüyə yardım sistemləri ilə təchiz edilir. Ümumiyyətlə, belə sayaq avtomobillərdə standart təchizat anlayışı bir qədər virtual xarakter daşıyır. Yəqin ki, standart təchizatlı Bentley avtomobilini axtarmaq səmərəsiz bir məşğuliyyətdir. Səbəb, hər bir alıcıya fərdi yanaşma üslubundadır. Britaniya istehsalçısı hər bir müştəriyə kuzovun rəglənməsi üçün 17 növ boyadan birini seçməyi təklif edir. Lakin, rəng palitrası bununla məhdud deyildir – Bentley’in arsenalında tutqun və mirvari rəngləri də daxil olmaqla 90 (!) rəng çaları mövcuddur. Buraya interyerin tərtibatının 15 növünü əlavə etsək istehsalçının müştərisinə fərdiləşmənin nə qədər yüksək səviyyəsini təklif etdiyini anlamış olursan.

Bu səbəbdən də Bentayga modelinin standart təchizatından daha çox opsional olaraq seçilmiş avadanlıqlar və dəstlər maraq doğurur. Bizim test etdiyimiz avtomobilin opsional təchizatına, yuxarıda qeyd etdiyimiz “All terrain” dəstindən əlavə olaraq “City”, “Front Seat Comfort” , “Sunshine” , “Touring” “Smoker” və “Event” dəstləri daxil edilmişdir.

Bundan əlavə, test avtomobili qızdırılan sükan çarxı, arxa tünd şüşələrlə, baqaj qapapının məsafədən idarə olunması sistemi ilə təchiz edilmişdir. 

Bentayga modelinin qabarit uzunluğu 5145 millimetr, eni - 2223 millimetr, hündürlüyü - 1742 millimetr, təkər bazasının uzunluğu isə 2992 millimetrdir. Avtomobilin yüklınmiş çəkisi 2422 kiloqram, tam çəkisi isə 3250 kiloqramdır. Baqaj bölümünün həcmi 430 (örtüksuz - 590) litr təşkil edir.

Çox təəssüflər olsun ki, qəbul edilmiş yerli standartlar ucbatından diler arxa qapının tünd şüşələrini adisi ilə əvəz etmək məcburiyyətində qalmışdır. İsti təbiəti olan bir ölkədə tünd şüşələrin qadağan edilməsi doğrusu təəccüblüdür – halbuki, təbiəti bizimlə oxşar olan Kaliforniya ştatında yerli hakimiyyət orqanları satılan avtomobillərin məcburi qaydada tünd şüşələr ilə təchiz edilməsi qərarını qəbul emişdir. Yəqin ki, Kaliforniyadakı ekoloji vəziyyət bizdə olduğundan qat-qat bərbad vəziyyətdədir. Əks halda, atmosferə atılan zərərli tullantıların və yanacaq sərfiyyatının azalmasına xidmət edən tünd şüşələr məcburi olmazdı.

Bu dəstlər arasında ən maraqlı olanları haqqında istərdim. “Touring” dəstinin tərkibində "Stop&Go" funksiyası olan adaptiv kruiz-konrol sistemi daxildir ki, bu sistem 250 km/saat həddinə kimi sürətlərdə qarşıdakı avtomobillə məsafəni qoruyub-saxlayır. Qarşıdakı avtomobilin sürətindən asılı olaraq sistem avtomobili yavaşlada və ya sürətləndirə bilər.

Bundan əlavə, naviqasiyanın, vericilərin və kameraların məlumatlarına əsasən toqquşmaları önləyən sistem döngələri, şəhərin hüdudlarını və yol işarələrini müəyyən edərək avtomobilin sürətini dəyişir ki, bu da yanacağın qənaət olunmasına xidmət edir.

Toqquşmaları önləyən sistem qarşıdakı məkanı izləyərək sürücünü təhlükə barədə xəbərdarlıq edir və 50 km/saata qədər sürətlərdə avtomobilin avtomatik olaraq dayanmasını təmin edir. Bu dəstə daxil olan digər sistem - Active Line Assist sistemi avtomobilin zolaqda qalmasını təmin edir və lazım gəldikdə dönmələr də edir.

Açıq havada dincəlmək üçün Event Seat'dən istifadə etmək olar

“Event” dəsti baqaj bölümündə quraşdırılmış xüsusi oturacaq sistemindən ibarətdir ki, rombşəkilli tikişləri olan dəri ilə üzlənmiş bu oturacaq, avtomobilin baqaj qapağının kölgəsində, açıq havada istirahət etmək şansı verir. Eyni zamanda bu sistemdən bagaj bölümünün bölünməsi məqsədi ilə də istifadə etmək olar. “City” dəstinin tərkibinə beş sistem daxildir: yol nişanlarının tanınması, piyadaların aşkarlanması, yol axını ilə kəsişməni izlənməsi, dörd kamera vasitəsi ilə avtomobil ətrafındakı məkanın monitorda görüntülənməsi və park etmə köməkçisi. Ümumiyyətlə, 12 ultrasəs vericisi, 5 yaxın və uzaq fəaliyyət dairəsi olan kamera və radarı sayəsində avtomobil ətrafında baş verən hadisələrdən xəbərdar olmaq mümkündür.

Misal üçün, yol axını ilə kəsişməni izləyən sistem qarajdan arxa hərəkətlə çıxan zaman sürcünü hərəkət istiqamətində mövcud olan avtomobillər barədə xəbərdar edir.

Beləliklə, Bentley Bentayga geniş maliyyə imkanları olan məhdud sayda alıcı kütləsinə ünvanlanmış, SUV seqmentində dəbdəbə, rahatlıq və idarəetmənin yüksək standartlarını təyin edən, eyni zamanda rəqibi olmayan bir avtomobildir. Əlbəttə ki, Rolls-Royce Cullinan təqdim edilənə kimi...

Fotoçəkilişlərə yardım etdiyi üçün Baku City Villas rəhbərliyinə minnətdarlığımızı bildiririk.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt