2022-ci ilin yazında təqdim edilən Bentley Bentayga krossoverinin uzadılmış versiyası olan yeni Bentayga Extended Wheelbase (EWB) modeli Mulliner atelyesi tərəfindən hazırlanmış flaqman paketini əldə edib. Yeni avtomobil eksteryer və interyerin xüsusi bəzəyi, həmçinin bu modifikasiyanın model xəttində statusunu vurğulayan xüsusi təchizatı ilə seçilir. Bununla belə, Bentayga EWB Mulliner üçün texniki dəyişikliklər nəzərdə tutulmayıb.
Yeniliyi vizual olaraq, təkərlərin fırlanması zamanı şaquli vəziyyətdə qalan özütənzimlənən qapaqları olan eksklüziv 22 düymlük Mulliner diskləri, firma Double Diamond radiator barmaqlığı, habelə bamper və ön qanadlardakı hava girişlərindəki ötrmələrin xüsusi dizaynı sayəsində tanımaq olar. Bundan başqa, xrom bəzəkləri parlaq qara rəngliləri ilə əvəz edən Mulliner Blackline Specification paketi də mövcuddur.
Sürücü və sərnişinləri salonda xüsusi kandar löhvələri, hündür xovlu yun xalçalar qarşılayır. İnteryerin əsas özəlliyi isə, üçrəngli üzlük seçimidir. Eksklüziv krossover ilə birlikdə alıcıya avtomobilin salonuna uyğun hazırlanmış futlyar və açar çexolu veriləcək. Mulliner bir neçə tərtibat variantı hazırlayıb, lakin arzu olunarsa, alıcı öz rənglərini seçə bilər. Bu isə, 4000 üçrəngli interyer tərtibatı variantını yaratmağa imkan verir.
Dekorativ panellər Bentayga modelinin silueti, Mulliner loqotipi və "B" hərfi olan cilalanmış Grand Black qara ağac şponundan hazırlanır. Arxa sərnişinlər üçün xüsusi naxışı olan ağacdan masalar da nəzərdə tutulub. Uzunbazalı Bentayga krossoveerinin təchizatına 22 istiqamətdə tənzimlənən arxa Airline Seat oturacaqları, dəriyə üzlənmiş qapı panellərindəki Diamond Illumination işıqlandırması, cihazlar panelinin və ön paneldəki saatın Mulliner modellərinə xas olan gümüşü tərtibatı daxildir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.