Bu gün Bentley şirkəti markanın ilk krossoveri olan Bentayga modelinin dizel mühərriki ilə təchiz edilmiş modifikasiyasını təqdim etmişdir. Gözlənildiyi kimi, Bentley Bentayga Audi SQ7 modelindən tanış olan 4,0-litrlik səkkiz silindirli dizel turbomühərriki ilə təchiz edilmişdir.
Bentley Bentayga modelinin dizel variantı 435 at qüvvəsi və 900 Nm fırlanma anına malikdir. Dörd litrlik dizel mühərriki iki twin-scroll texnologiyalı turbokompressorla və bir elektrik ötürməsi ilə çalışan kompressorla təchiz edilir. Adi turbinlər mühərrik blokunun haçalandığı yerdə bərkidilmişlər. Elektrikli üfürmə üçün isə xüsusi 48 voltluq sistem yaradılmışdır ki, bu sistem, həmçinin kuzovun yana əyilmələrinin qarşısını alan aktiv elektromexaniki sistemi də qidalandırır.
Dizel mühərriki ilə təchiz edilmiş Bentayga 0-dan 100 km/saat həddinə 4,8 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürət həddinə malikdir.
Beləliklə, Bentley Bentayga dünyanın ən sürətli dizel krossoveri adını da öz aktivinə yazmışdır. Bentley Bentayga modelinin dizel variantı şəhər rejimində 9,0 litr yanacaq sərf edir. Şəhərkənarı yollarda isə bu rəqəm 7,4 litrə bərabərdir.
Qarışıq rejimdə 7,9 litr yanacaq tükədən Bentayga dolu çənlə 1000 kilometr məsafə qət etmək iqtidarındadır. Təchizat baxımından krossoverin dizel variantı W12 mühərriki ilə təchiz edilmiş Bentayga modelindən heç nə ilə fərqlənmir. Bentley Bentayga modelinin dizel modifikasiyası bu avtomobil üçün təklif edilən bütün müasir aktiv və passiv təhlükəsizlik sistemləri, avadanlıqla təchiz edilir.